Məhkəmə qərarları › İş №e-2(034)-332/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-332/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-332/2022 23.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı (“ERA Electronics”-in) xeyrinə 91.90 manat əsas, 10 manat cərimə borcu, 649.99 manat əsas, 60 manat cərimə borcu olmaqla, cəmi 811.89 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 26951 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 361.90 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 30 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi və xx.xx.2022-ci il tarixli, 32304 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 859.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 54 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 26951 saylı və xx.xx.2022-ci il tarixli, 32304 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 (bir) aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitamverərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıcıdan geri tələb etsin. Borclunun “ERA Electronics”ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu 3 aydan çox müddətdir ki ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci iltarixdə 240 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 91.90 (AZN) manat əsas, 10 (AZN) manat cərimə borcu və 649.99 manat əsas, 60 (AZN) manat cərimə borcu olmaqla, ümumilikdə 811.89 manatı təşkil edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021 -ci il tarixli, 26951 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 361.90 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 30 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi və xx.xx.2022-ci il tarixli, 32304 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 859.99 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 54 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli 26951 saylı müqavilə üzrə 91.90 manat əsas, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli 32304 saylı müqavilə üzrə 649.99 manat əsas, 60 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 10 manat cərimə pulunun və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə 60 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MMnin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2021-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 91.90 manat məbləğində borc üçün tələb etdiyi 10 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən öədnilməmiş 649.99 manat məbləğində borc üçün tələb etdiyi 60 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat dəbbə pulu azaldılaraq 3 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 60 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, məhkəmə qeyd olunanlara nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 91.90 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 649.99 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 754.89 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 91.90 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 649.99 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 754.89 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar