Məhkəmə qərarları › İş №e-2(034)-348/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-348/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-348/2022 04.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27958 olan Huawei Y7 markalı telefon üçün 212 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80333 olan NOKİA 3.1 plus, İMEİ Kodu **********27987 olan NOKİA 3.2 markalı telefon üçün 121 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu olmaqla, cəmi 366 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, **********27958 olan Huawei Y7 markalı telefon, **********80333 olan NOKİA 3.1 plus, İMEİ Kodu **********27987 olan NOKİA 3.2 markalı telefon almış və nəticədə 366 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 499.20 manat (yəni 12 ay x 41.6manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********27958 olan Huawei Y7 markalı telefon üçün üçün ümumilikdə 233 manat olmaqla, ondan 212 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 726 manat (12 ay 60.5 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********80333 olan NOKİA 3.1 plus, İMEİ kodu **********27987 olan NOKİA 3.2 markalı telefon üçün ümümilikdə 133 manat olmaqla, ondan 121 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 240.20 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 364.80 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 287.20 manat təşkil edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən alqı-satqı qiyməti 499.2 manat olan Huawei Y7 markalı telefon,ümumi alqı-satqı qiyməti 726 manat olan NOKİA 3.1 plus, NOKİA 3.2 markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz , hər ayın ödəniş haqqı 41.60 manat olmaqla 12 ay müddətinə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz,hər ayın ödəniş haqqı 60.50 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqısatqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 605 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 287.20 manat ödəniş edilmiş, cavabdeh aldığı əşyayalara görə İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 212 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 121 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu olmaqla, cəmi 366 manat məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 21 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən isə 12 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2020-ci il tarxli müqaviləyə əsasən ödənilməmiş 212 manat məbləğində borc üçün tələb etdiyi 21 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 121 manat məbləğində borc üçün tələb etdiyi 12 manat cərimə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2020-ci il il tarixli müqavilə üzrə 21 manat dəbbə pulu azaldılaraq 5 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 212 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 121 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, cəmi 343 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 212 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 121 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, cəmi 343 (üç yüz qırx üç) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar