Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-366/2022 13.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2020ci il tarixli müqavilə üzrə İMEİ kodu **********67937 olan "xxxx" markalı telefon üçün 615 manat ödənilməmiş hissə, 61 manat cərimə borcu olmaqla, cəmi 676 (altı yüz yetmiş altı) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********67937 olan "xxxx" markalı telefon almış və nəticədə 676 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 820.80 manat (12 ay x 68.4 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********67937 olan "xxxx" markalı telefon üçün ümumilikdə 676 manat olmaqla, ondan 615 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 61 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 205.80 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi daha sonra izahatına əlavə olaraq bildirmişdir ki, onlar bütün sənədlərin əslini təqdim etmişlər. Xəbərdarlıq məktubları var və oradan da görsənir ki, cavabdehin ünvanına göndərilmişdir. Bankda ödəniş cədvəli var, onların sistemlərindədir. Kim telefonu oğurlamışdırsa cinayət işi gedə-gedə mülki iddia qaldırıb tələb edə bilərdi. Cavabdeh müqaviləyə qol çəkmiş, xəbərdarlıq məktubu göndərilmiş, zəng olunmuşdur. Bunların hamısı boş danışıq və vaxt aparmaqdır. Onların sübutları var, sənədləri qaydasındadır.Sübut olaraq isə maliyyə arayışı vermişlər. Sübutları maliyyə arayışı və ödəniş cədvəlidir. Cavabdeh 205 manatdan başqa heç bir ödəniş etməmiş, 9 ay ödəniş isə tamam yalandır. 9 aylıq ödənişlərlə bağlı heç bir sübut yoxdur. Qanunvericilikdə də, göstərilmişdir ki, sübut etmə bütün tərəflərin öz üzərinə düşür. Tərəf olaraq öz üzərlərinə düşən sübutları məhkəməyə təqdim etmişlər. Cavabdeh heç bir ödəniş etməmişdir. İkinci bir məsələ isə onlar sırf vətən müharibəsində iştirak edən İ qrup, İİ qrup və İİİ qrup əlillərə güzəşt etmişlər. Cavabdeh İ vətən müharibəsində iştirak etmişdir. İİ vətən müharibəsindədə iştirak etmiş, yəni İİİ qrup əlillərin cəriməsini silmişlər. İİ qrup əlillərin və şəhid ailələrinin borclarını da silmişlər.Yəni bu sırf şirkət tərəfindən edilən addımdır. Bununla bağlı onlarda Prezidentin heç bir fərmanı yoxdur. Cavabdeh demir ki, hansı saylı fərmandır və heç bir şey göstərmir. Sadəcə havaya deyir. Tərəfin dedikləri hamısı əsassızdır. Ola bilər ki, 9 ay müddətində 10 manat, 15 manat, 25 manat ödəniş edibdir. Tələbləri isə budur ki iddia tələbləri təmin olunsun. Güzəştləri bu olmuşdur ki, hər gecikmə üçün 270 gün gecikmə günü var, 68 qəpikdəndir. Ödənişin 0,1 %-nə oda yuksək məbləğ olmuş, onlarda bunu etməmişlər. Əsas borca 61 manat cərimə borcu hesablamışlar. Başqa heç bir güzəşt edə bilmirlər. Cavabdeh telefonun adını biliməməsini bildirir, amma adını bilmədiyi telefona niyə 9 ay ödəniş edir. Şirkət olaraq o, deyilənləri burda deyir. O, demir ki, İ və İİ vətən iştirakçılarını qəbul etmir. Güzəşti cədvələ etmişlər. İddianın surətini tərəfə onlar yox məhkəmə göndərir. Onlar sadəcə pretenziya məktubu göndərirlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddanın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, telefon oğurlanmış, niyə ona bu vaxta kimi xəbərdarlıq edilməmişdir. Telefon oğlurlandığı üçün 37-ci polis bölməsində cinayət işi başlanmış və axtarış davam edir. Onlara vətən müharibəsindən gələndən sonra İİ qrup əlil olması ilə bağlı arayış təqdim etmişdir. Hər iki döyüşlərdədə iştirak etmişdir. İddiaçı ona vətən müharibəsində iştirakı ilə bağlı aryaış gətirməsini və bununla məsələnin bitməsini demişdir. Bundan sonra iddiaçı tərəfdən ona bir dənə də olsun bildiriş daxil olmamışdır. Nə iddiaları, nədə ki, bildirişləri ona gəlməmişdir. Ona məhkəmədən yeri, vaxtı barədə məlumat gəlmişdir. Buna qədər heç bir məlumat gəlməmişdir. Ona heç bir xəbərdarlıq gəlməmiş, telefonda oğurlanmışdır. Həmin telefonla bağlı 9 ay ödəniş olunmuş, şəxsən özü ödəmişdir. Müharibədən gələndən sonrada ödəniş etmiş və bunların Əhmədli filialı ondan kağız istəmiş, aparıb təqdim etmişdir. 37-ci polis bölməsinə də həmin telefonun oğurlanması ilə bağlı məktub aparıb vermişdir. Qızıl zəmanət kartı da var. Qızıl zəmanət kartında şərtlər var ki, gətirsinlər həmin şərtləri göstərə bilər. Qarşı tərəfin qaldırdığı iddia rədd edilməlidir. Əsas gətirir ki, telefonu o, müharibə dövründən qabaq götürmüşdür. Vətən müharibəsində iştirak edənlərin borcları Prezident tərəfindən ləğv edilmişdir. Ödəniş etmədyii iki ay qalmışdır. Telefonun oğurlanması haqqında Əhmədli metrosunda həmin bunlara aid olan mağazaya təqdim etmişdir. İİ vətən müharibəsində iştirakla bağlı sənəd istəmiş, onu da təqdim etmişdir. Bu telefonla bağlı ona heç bir bildiriş gəlməmiş, telefonla zəng olunmamışdır. Dedikləri hamısı yalan, şər böhtandır. Ümumiyyətlə onda bu işlə bağlı çıxardıb ortaya qoyması ilə bağlı heç bir sənəd yoxdur. Bir dənə evdə ödədiyi çeklər qalır. Əgər o çeklərdə sübut etsə ki, 9 ay ödəniş etmiş, tərəfi prokurorluğa verəcəkdir. Ona indiyə qədər nə iddia ərizəsi, nə şikayət daxil olmamışdır. Keçən məhkəmə iclasında iştirak etmiş, onun heç kimə borcu yoxdur. Sübut etsin ki, onun borcu var. Qarşı tərəfin dedikləri yalan, böhtan, fərziyədir. Həmən şirkətin vəzifə borcudur ki, iddianı göndərəndə ona da xəbərdarlıq etsin. Onun əlində heç bir iddia yoxdur. Nə cədvəl, nə qızıl kart, heç bir şey yoxdur. İddiaçının onun nə qədər pul götürməsini sübüt etsin. Sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 820.80 manat olan "xxxx" markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 68.40 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cəmi ödədiyi məbləğ 205.80 manat təşkil edir. Onun xx.xx.2020-ci il tarixli müqavilə üzrə 615 manat ödənilməmiş hissə, 61 manat cərimə borcu olmaqla, cəmi 676 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Cavabdeh X3 9 ay ödəniş etdiyini və onun heç bir borcunun qalmadığını bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 61 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş tələb üzrə tələb etdiyi xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 61 manat cərimə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 61 manat cərimə pulu azaldılıraq 6 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 615 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu olmaqla, cəmi 621 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh Zəngilan rayonundan olan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 615 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu olmaqla, cəmi 621 (altı yüz iyirmi bir) manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-366/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-366/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver