Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-453/2024 15.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1447 manat məbləğində əsas borc, 145 manat məbləğində cərimə, 35.92 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1627 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında bağlanmış R088824 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 1679 manat dəyərində olan PS5825 GB proqramçı xidmətini satmışdır. Cavabdeh aldığı əşyaya görə 100 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1579 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 132 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2024-cü il tarixə 145 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə 1447 manat məbləğində əsas borc, 145 manat məbləğində cərimə və 35.92 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R088824 nömrəli, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən satıcı alıcıya 12 ay müddətinə, 1679 manat dəyərində olan PS5825 GB proqramçı xidmətini cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla hər ayın ödəniş haqqı 132 manat, son ay isə 127 manat olmaqla, 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, cavabdehin aldığı əşyaya görə MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 132 manat ödəniş etmiş və onun 1447 manat məbləğində əsas, 145 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 145 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 1447 manat məbləğində əsas, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1497 manat məbləğində borc tutularaq İddiaçı MMC xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35.92 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 35.92 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 1447 manat məbləğində əsas, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1497 manat məbləğində borc və ödənilmiş 35.92 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-453/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-453/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver