Məhkəmə qərarları › İş №e-2(035)-63/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-63/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-63/2025 24.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə 24 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 noyabr 2020-ci il tarixli, XDK6005023 saylı borc müqaviuləsinə əsasən 1242 manat əsas borc və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1275 manat məbləğoində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, XDK6005023 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə, hər ay 84.94 manat ödəmək şərtilə 1529 manat dəyərində olan məişət avadanlığı əldə etmişdir. İddiaçı müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövrü olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə cavabdehin iddiaçıya ödənilməmiş hissəyə görə 1242 manat məbləğində borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlə aparılan danışıqlar bir nəticə verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi onun ünvanda yaşamaması səbəbindən çatmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu ünvan 1 ərazi dairəsi üzrə nümayəndəliyi məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuşdur. İcra nümayəndəliyi tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ərazidə yaşamadığını bildirilmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, XDK6005023 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan18 ay müddətinə, hər ay 84.94 manat ödəmək şərtilə 1529 manat dəyərində məişət avadanlığı almışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, XDK6005023 saylı borc müqaviləsinə əsasən ödənilməmiş hissəyə görə 1242 manat borcu vardır. İşdə olan pretenziyanın surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 33 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7.-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə görəəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, XDK6005023 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 18 ay müddətinə, hər ay 85 manat ödəmək şərtilə,1529 manat dəyərində olan məişət avadanlığı əldə etmişdir. İddiaçı müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövrü olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə cavabdehin iddiaçıya ödənilməmiş hissəyə görə 1242 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi, və yazlı xəbərdarlıq edilməsinə bağmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumuna görə 33 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1242 manat və ödənilmiş dövlət rüsumuna görə 33 manat, cəmi 1275 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar