Məhkəmə qərarları › İş №e-2(035)-835/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-835/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-835/2025 19.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********12402 olan Samsung Galaxy A55 5G markalı telefon, Qızıl zəmanət ultra 2 il xidməti üçün ödənilməmiş hissə üzrə 949,72 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23.6 manat, cərimə borcuna görə 94,97 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Kombi Hofmann üçün ödənilməmiş hissə üzrə 221,7 manat, cəriməyə görə 22,17 manat, ümumilikdə 1312,16 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 33.13 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2023-cü tarixli müqavilələrə əsasən Cavabdeh imei kodu **********12402 olan Samsung Galaxy A55 5G markalı, Qızıl zəmanət ultra 2 il xidməti və Kombi Hofmann almış və nəticədə 1312,16 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1279,98 manat olan imei kodu **********12402 olan Samsung Galaxy A55 markalı, Qızıl zəmanət ultra 2 il xidməti üçün ödənilməmiş hissə üzrə 949,72 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23.6 manat, gözəşt olaraq hsablanmış cərimə borcuna görə 94,97 manat, ümumilikdə 1068,29 manat borcu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 840,6 manat olan Kombi Hofmann üçün ödənilməmiş hissə üzrə 221,7 manat, gözəşt olaraq hesablanmış cərimə borcuna görə 22,17 manat, ümumilikdə 243,87 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 949,16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından göründüyü kimi cavahdeh məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixdə göndərilən xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu ünvan 1ə nümayəndəliyinə məhkəmə bildirişi göndərilərək, cavabdehin hüquq və vəzifələri izah olunması üçün məhkəmə bildirişinin cavabdehə çatdırılmasının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, müvafiq nümayəndəlik tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmasına baxmayaraq halhazırda Məlikli kəndində yaşamadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 03668840 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, hissəhissə hər ay 71,11 manat ödəmək şərti ilə 1280 manat dəyərində imei kodu **********12402 olan Samsung Galaxy A55 5G markalı telefon, Qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh 03668840 nömrəli müqavilədə nəzərdə tutulan məhsulları tam qüsursuz qəbul etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 04253374 nömrəli, xx.xx.2023cü il tarixli müqavilədən və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, hissə-hissə hər ay 31,9 manat ödəmək şərti ilə 840,6 manat dəyərində Kombi Hofmann satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh 04253374 nömrəli müqavilədə nəzərdə tutulan məhsulları tam qüsursuz qəbul etmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********12402 olan Samsung Galaxy A55 markalı telefon, Qızıl zəmanət ultra 2 il xidməti üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 949,72 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23.6 manat, cərimə borcuna görə 94,97 manat, cəmi 1068,29 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Kombi Hofmann üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 221,7 manat, cərimə borcuna görə 22,17 manat, cəmi 243,87 manat, ümumilikdə hər iki müqavilə üzrə ödənilməmiş hissə üzrə 1171,42 manat, cərimə borcuna görə 117,14 manat, ümumilikdə isə borcu 1312,16 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 33,13 manat pul ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış imei kodu **********12402 olan Samsung Galaxy A55 5G markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində pul ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə və ona edilmiş əlavələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə alqı-satqı müqaviləsi ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03668840 nömrəli, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, imei kodu **********12402 olan Samsung Galaxy A55 5G markalı telefon, Qızıl zəmanət ultra 2 il xidməti üçün ödənilməmiş hissə üzrə 949,72 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23.6 manat, cərimə borcuna görə 94,97 manat; 04253374 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Kombi Hofmann üçün ödənilməmiş hissə üzrə 221,7 manat, cəriməyə görə 22,17 manat, ümumilikdə 1312,16 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 33.13 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03668840 nömrəli, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, imei kodu **********12402 olan Samsung Galaxy A55 5G markalı telefon, Qızıl zəmanət ultra 2 il xidməti üçün ödənilməmiş hissə üzrə 949,72 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23.6 manat, cərimə borcuna görə 94,97 manat; 04253374 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Kombi Hofmann üçün ödənilməmiş hissə üzrə 221,7 manat, cəriməyə görə 22,17 manat, ümumilikdə 1312,16 manat vəsaitin və ödənilmiş dövlət rüsumuna görə 33.13 manat olmaqla, cəmi 1345,29 (bir min üç yüz qırx beş manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar