Məhkəmə qərarları › İş №e-2(036)-101/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-101/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-101/2023 01.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1426 manat əsas borcun, 0 manat cərimə borcu və 34,26 məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Səfərov X1 Vəli Abbas oğlunun iddia tələbinə yazılı etiraz edərək iddianın ləğv edilməklə işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(036)-3121/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 880 manat olan “BEKO 6512 ZSS” markalı paltaryuyan satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 40 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Digər 27 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehə ümumi dəyəri 586 manat olan “POZİS RK-139” markalı soyuducu satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 70 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 15 ay müddətinə hər ay 59 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin alqı-satqı müqaviləsinin təminatı olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər Cavabdeh və Zamin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. Borcun ödənilməsinə dair cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, əsas borcdan ödənişlər etmişdir. Hazırda cavabdehə 992 manat borcu var. Ona görə də iddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh Zamin məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 880 manat olan “BEKO 6512 ZSS” markalı paltaryuyan satılmış, cavabdeh isə aldığı malın dəyərindən 40 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 955 manat olan “POZİS RK-139” markalı soyuducu satılmış, cavabdeh isə aldığı malın dəyərindən 70 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 15 ay müddətinə hər ay 59 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin 27 yanvar 2021-ci tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası məqsədilə onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh və Zamin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 29-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 27 yanvar 2021ci il tarixli alqı-satqı müqavilələri üzrə 992 manat əsas borc, 2,20 manat məktub pulu, 0,40 manat xidmət haqqı və 34,26 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1028,86 manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 27 yanvar 2021-ci il tarixli alqısatqı müqavilələri üzrə 992 manat əsas borc, 2,20 manat məktub pulu, 0,40 manat xidmət haqqı və 34,26 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1028,86 (min iyirmi səkkiz manat, səksən altı qəpik) manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar