Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1027/2025 13.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 768 manat əsas, 0 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat xidmət haqqı, 4.40 manat məktub pulu, cəmi 802,80 manat borcun cavabdehlərdən tutularaq iddiaçının hesabına köçürülməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 768 manat əsas, 0 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat xidmət haqqı, 4.40 manat məktub pulu, cəmi 802,80 manat borcun cavabdehlərdən tutularaq iddiaçının hesabına köçürülməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, aldığı TV Led Artel 55LU8550 markalı televizorun 74 manat ilkin ödəniş olmaqla 15 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla cəmi 1199 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər Müqavilənin şərtini pozaraq, 431 manat pul ödəmiş və qalıq qalmış 768 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2 (iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Gecikmələrdən irəli gələn dəbbə pulu isə 0 (sıfır) manat təşkil edir. Beləliklə, cavabdehlərin iddiaçıya olan borcu 768 manat təşkil etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdehlər məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 557-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Cavabdeh1 ümumi dəyəri 1199 manat olan TV Led Artel 55LU8550 markalı televizorun 15 ay ödəniş cədvəli üzrə ödəniş edilməklə satmış, Cavabdeh1 həmin malın dəyərindən ümumilikdə 768 manat məbləğində borcu qalmışdır. Eyni zamanda Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında müddətli (Nisyə) alqı-satqı müqavilələrinin təminatı olaraq xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
7. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
8. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyləri alqı-satqı müqaviləsindən və zaminlik müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı Cavabdeh1 vermiş, bunun nəticəsində iddiaçının Cavabdeh1, eyni zamanda zaminlik müqaviləsi üzrə Cavabdeh2 müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmışdır. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən Cavabdeh1 mal satılmış, Cavabdeh1 həmin malın dəyərindən 768 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
10. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
11. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 768 manat əsas, 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat xidmət haqqı, 4.40 manat məktub pulu, cəmi 802,80 manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev