Məhkəmə qərarları › İş №e-2(036)-1535/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1535/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1535/2025 07.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2000 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı 2000 manat məbləğində sığorta ödənişinin, məhkəmənin hesabına köçürülmüş 40,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2040,40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, '‘Mercedes Benz 200” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Cavabdeh1 AC 906545 nömrəli şəhadətnamə ilə xx.xx.2015-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Digər Cavabdeh2 xx.xx.2015-ci il saat 08:00 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası Cavabdeh1 məxsus “Mercedes Benz 200” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətli hərəkət zolağında idarə edərək avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Saipa” markalı, ** RR *** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 2000 manat məbləğində maddi ziyan dəymişdir. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İmişli rayon Yalvac kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 barəsində inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə İmişli RPŞ-nin DYPB-nə qərarın surəti göndərilmişdir. İmişli RPŞ-nin MYP899739 saylı, xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 AR İXM-nın 152.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat, MYP899740 saylı, xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən isə Cavabdeh1 həmin maddə ilə təqsirli bilinərək 180 (bir yüz səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Saipa” markalı, ** RR *** qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan "xxxx" ASC tərəfindən 2000 manat məbləğində müəyyən edilmiş və 572 nömrəli 28 yanvar 2016-cı il tarixli ödəniş tapşırığına uyğun olaraq zərərçəkənin bank hesabına ödənilmişdir. Cavabdeh1 sahibliyində olmuş avtomobili nəqliyyat vasitəsinin etibarnamə olmadan Cavabdeh2 verdiyinə və Cavabdeh2 həmin avtomobili idarə etmək üçün hüququ olmadan idarə edərək qəza törədərək ziyan vurduğuna görə bu iş üzrə hər ikisi cavabdeh kimi cəlb olunmalı, maddi məsuliyyət daşımalıdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, yol-nəqliyyat hadisəsini törətdiyi zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Buna görə də ona cərimə cəzası təyin edilmiş, o da həmin cəriməni ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia tələbinə əvvəllər baxılmış və iddia rədd edilmişdir. Həmçinin, Qəzənfər İbrahimovun avtomobilinə 2000 manat deyil təxminən 300-400 manat ziyan dəymişdir. İddia ərizəsində göstərilən məbləğ şişirdilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, hadisə zamanı hər iki avtomobilə ziyan dəymişdir. X1 maşınına təxminən 300-500 manat ziyan dəymişdi. O, Qəzənfər İbrahimovun maşınını düzətməyi təklif etmişdir. Qəzənfər İbrahimov isə maşınını özünün düzətdirəcəyini demişdir. Sonradan Sığorta şirkəti tərəfindən Qəzənfər İbrahimova pul ödənildiyini bilmiş və həmin pul sığorta şikəti tərəfindən ondan tələb edilmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.2-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə, saat 08:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası Cavabdeh1 məxsus “Mercedes Benz 200” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobili öz hərəkət zolağı ilə idarə etməli olduğu halda, əks istiqamətli hərəkət zolağında idarə etmiş və İmişli şəhəri A.Şadlinski küçəsində X1 idarə etdiyi “Saipa” markalı, “90RR693” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Saipa” markalı, “90RR693” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsində (Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2016-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsində (Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş zərərə görə 2000 manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir.

10. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə qeyd olunan əsaslar mövcuddur.

11. Belə ki, “Mercedes Benz 200” markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində digər şəxs X2 məxsus “Saipa” markalı, “90RR693” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin, həmçinin İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.1 və 25.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

12. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehlərdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitini subroqasiya qaydasında cavabdehlərdən tələb edə bilər.

13. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

14. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 40 manat məbləğində dövlət rüsumu və 40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir.

16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, 40 manat dövlət rüsumu və 40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqından ibarət 40,4 manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 2000 manat məbləğində sığorta ödənişi və 40,4 manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar