Məhkəmə qərarları › İş №e-2(036)-1901/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1901/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1901/2024 05.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 iyul 2024-cü il tarixə 766.47 manat gecikdirilmiş əsas, 601.31 manat gecikdirilmiş mükafat, 468.99 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1371.80 manat məbləğində pul və inzibati xəta haqqında protokollara görə ödənilmiş 1374 manat məbləğində pul, cəmi 4582.57 manat və ödənilmiş 65.83 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA102100 ban, ağ rəngli avtomobil 22150 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 18% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 463.43 manat, ümumilikdə isə 31706 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 19 sentyabr 2022-ci il tarixdə X3, X4 və İddiaçı MMC arasında ALY1469 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 sentyabr 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında ALY- 1469 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1371.80 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 iyul 2023-cü il tarixə 766.47 manat gecikdirilmiş əsas, 601.31 manat gecikdirilmiş mükafat, 468.99 manat dəbbə pulu, ümumilikdə 1836.77 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X9 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir və həmin protokollara əsasən cavabdeh İXP ******* saylı protokola görə 100 manat, EQ 22302825 saylı protokola görə 9 manat, EQ 22302821 saylı protokola görə 45 manat, EQ 21034118 saylı protokola görə 20 manat, EQ 21015582 saylı protokola görə 50 manat, EQ 20747814 saylı protokola görə 20 manat, EQ 20446555 saylı protokola görə 50 manat, EQ 20446554 saylı protokola görə 40 manat, EQ 20446546 saylı protokola görə 50 manat, EQ 19323254 saylı protokola görə 50 manat, EQ 18662390 saylı protokola görə 80 manat, İXP ******* saylı protokola görə 640 manat, EQ 18375670 saylı protokola görə 10 manat, EQ 18375669 saylı protokola görə 50 manat, EQ 17194006 saylı protokola görə 80 manat və EQ 17172486 saylı protokola görə 80 manat olmaqla ümumilikdə 1374 manat məbləğində cərimə olunmuşdur. Həmin pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9NA102100 ban, ağ rəngli avtomobil 22150 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 18 faiz dərəcəsi ilə 60 ay müddətə hər ay sabit məbləğ olmaqla 463.43 manat, ümumilikdə isə 31706 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 19 sentyabr 2022-ci il tarixdə X3, X4 və İddiaçı MMC arasında ALY1469 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 sentyabr 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında ALY-1469 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 iyul 2024cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1371.80 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 iyul 2023-cü il tarixə 766.47 manat gecikdirilmiş əsas, 601.31 manat gecikdirilmiş mükafat, 468.99 manat dəbbə pulu, ümumilikdə 1836.77 manat gecikmə borcu yaranmışdır. Həmçinin “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü X9 tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 766.47 manat gecikdirilmiş əsas, 601.31 manat gecikdirilmiş mükafat və 468.99 manat dəbbə pulu olmaqla, ümumilikdə 1836.77 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan müqavilə üzrə “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, həmçinin avtomobilə ziyan dəymişdir. Buna görə də, iddiaçı iddia tələbinin cavabdehdən lizinq məbləği, mükafat, inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin və zərərin ödənilməsini tələb etməsi hissələri tam əsaslıdır. Məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə olan 766.47 manat gecikdirilmiş əsas, 601.31 manat gecikdirilmiş mükafat, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1371.80 manat və inzibati xəta haqqında protokollara görə ödənilmiş 1374 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 468.99 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 76.60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı saylı daxili lizinq müqaviləsinə əsasən 766.47 manat əsas, 601.31 manat mükafat, 76.60 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1371.80 manat və inzibati xəta haqqında protokollara görə ödənilmiş 1374 manat olmaqla, ümumilikdə 4190.18 manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 65.83 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 65.83 manat dövlət rüsumunun 61.90 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 3.93 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 sentyabr 2022-ci il tarixli ALY-1469 saylı daxili lizinq müqaviləsinə əsasən 766.47 manat əsas, 601.31 manat mükafat, 76.60 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 1371.80 manat və inzibati xəta haqqında protokollara görə ödənilmiş 1374 manat olmaqla, ümumilikdə 4190.18 (dörd min yüz doxsan manat on səkkiz qəpik) manat pul vəsaiti və 61.90 (altmış bir manat doxsan qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 3.93 (üç manat doxsan üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar