Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2167/2025 01.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli MAS-4550 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-cü il tarixə 1406.30 manat gecikdirilmiş əsas, 190.42 manat gecikdirilmiş mükafat, 253.13 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2884.74 manat pul, cəmi 4734.59 manat və ödənilmiş 67.35 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli MAS-4550 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” markalı, 77- PF-456 dövlət qeydiyyat nişanlı avtomobil 05 aprel 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2884.74 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4550 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 aprel 2025-ci il tarixə ümumilikdə 1849.85 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli MAS-4550 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomobilə 2884.74 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1406.30 manat gecikdirilmiş əsas, 190.42 manat gecikdirilmiş mükafat və 253.13 manat cərimə- cəmi 1849.85 manat, həmçinin lizinq obyekti olan, “Khazar LX” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2884.74 manat, ümumilikdə 4734.59 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarı. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən Cavabdeh müqavilə üzrə “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan, iddiaçının cavabdehdən lizinq məbləği, mükafat borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının tələb etdiyi 253.13 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 70.30 manat məbləğində müəyyən edilməlidir. İddianın vurulmuş zərərin ödənilməsi tələbinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. İşdən görünür ki, xx.xx.2025-ci il tarixdə avtonəqliyyat vasitəsi saxlanca qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə qüsur aktı tərtib edilmişdir. Hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuşdur. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət ərzində məhkəməyə müraciət etmişdir. Bu səbəbdən həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4550 saylı saylı daxili lizinq müqaviləsinə əsasən 1406.30 manat əsas, 190.42 manat mükafat, 70.30 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 2884.74 manat, ümumilikdə 4551.76 manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 100 manat dövlət rüsumunun 90 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4550 saylı daxili lizinq müqaviləsinə əsasən 1406.30 manat əsas, 190.42 manat mükafat, 70.30 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 2884.74 manat, ümumilikdə 4551.76 (dörd min beş yüz əlli bir manat yetmiş altı qəpik) manat pul vəsaiti və 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülsaba Ağayeva