Məhkəmə qərarları › İş №e-2(036)-2790/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2790/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2790/2022 30.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul tələbi barədə’’ iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək cavabeh Cavabdeh xx.xx.2017-ci il tarixli 557-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7070 (yeddi min yetmiş) manat əsas borcun, 2465.14 (iki min dörd yüz altmış beş manat, on dörd qəpik) manat cərimə borcunun və 300 (üç yüz) manat hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Aqroservis" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557-GL/17 saylı müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmə ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 557-GL/17 nömrəli müqavilə üzrə 7070.00 (yeddi min yetmiş) manat gecikdirilmiş əsas borcu və 2465.14 (iki min dörd yüz altmış beş manat on dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Həmçinin qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş və ötürülmüşdür. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2022-ci ilin avqust ayında 100 manat və noyabr ayında 100 manat olmaqla, cəmi 200 manat pul ödəmiş, lakin həmin ödənişlər onun ümumi borc məbləğindən çıxılmamışdır. Odur ki, həmin ödənişlərin nəzərə alınmasını və cərimə borcunun azaldılmaqla iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557- GL/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 42140 manat və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 5002 manat məbləğində əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Texnika İmişli rayonunda istifadə olunacaqdır. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetiriləndək lizinq verənə məxsusdur. İşdə olan "xxxx" ASC tərəfindən verilən 09 iyun 2017-ci il tarixli 2635/ü saylı əmrin surətindən görünür ki, “Belarus-892” traktoru və “AK-4-35” 4 gövdəli asma (təkərli) kotan xx.xx.2017-ci il tarixli 557-L/17 nömrəli lizinq müqaviləsi ilə Cavabdeh lizinqə verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilən aktlardan görünür ki, 09 iyun 2017-ci il tarixli 2635/ü nömrəli əmr əsasında “Belarus-892” traktor və “AK-4-35” 4 gövdəli asma (təkərli) kotan saz, nizamlanmış və komplekt halda bazadan lizinq alan Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 27068 nömrəli və xx.xx.2022-ci il tarixli 25109 nömrəli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh həmin tarixlərdə iddiaçının hesabına cəmi 200 (iki yüz) manat pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehin iddiaçıya olan əsas borcundan çıxılmaqla əsas borcun məbləği 6870 manat məbləğində müəyyən edilməlidir. Lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 %-i həcmində cərimə tələb edir. Müqavilənin 5.5-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin tələblərini yerinə yetirmədikdə lizinq verən bir tərəfli qaydada bu müqaviləni ləğv edir və texnikanı işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərcləri, vurduğu zərərin və texnikanın dəyərinin 10 %-i miqdarında cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərclər daxildir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 2465,14 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 6870 manat əsas borc, 200 manat cərimə və 300 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla, cəmi 7570 manat məbləğində pul alınıb Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6870 manat əsas borc, 200 manat cərimə və 300 manat hüquqi yardımla bağlı ödənilmiş pul olmaqla, cəmi 7370 (yeddi min üç yüz yetmiş) manat məbləğində pul alınıb Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar