Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2811/2023 06.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin tələbinə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh və Zamin xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə əşyanın qiymətinin 2403 manat əsas, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44.03 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını, 4.40 manat məktub pulunu, cəmi 2451.43 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. “SEVGİ MEBEL” mağazasının müdiri İddiaçı və Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “SAMSUNG RT- 43K6000S8” markalı soyuducuya görə 161 manat ilkin ödəniş etməklə, 15 ay ödəniş cədvəli üzrə hər ay 131 manat olmaqla, cəmi 2126 manat ödəməyi, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “SAMSUNG 8590 NLWY” markalı paltaryuyana görə 70 manat ilkin ödəniş etməklə, 12 ay ödəniş cədvəli üzrə hər ay 70 manat olmaqla, cəmi 910 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. Tərəflər alqı-satqı müqaviləsi bağladığı zaman Zamin ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
4. Həmin müqaviləyə əsasən zamin durmuş şəxs Zamin “SEVGİ MEBEL” mağazasından götürülmüş əşyanın pulunun vaxtında ödənilməsi üçün iddiaçı qarşısında alıcı ilə birlikdə cavabdehlik daşıyır.
5. Cavabdeh tərəf birinci müqavilənin şərtlərini pozaraq əşyanın qiymətindən 423 manat ödəniş etmiş, 1703 manat ödənilməmiş hissəsi və ikinci müqavilənin şərtlərini pozaraq əşyanın qiymətindən 210 manat ödəniş etmiş, 700 manat, ümumilikdə 2403 manat ödənilməmiş hissəsi qalmışdır.
6. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
7. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
8. İddia ərizəsinin verilməsi üçün 44.03 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və 4.40 manat məktub pulu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Maddə 297.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
15. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
27. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.
28. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, alqısatqı müqaviləsinə əsasən cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar.
29. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı alqı-satqı müqaviləsi üzrə əşyanın qiymətinin ödənilməsi tələbinə dair iddiası təmin olunsun. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə əşyanın qiymətinin 2403 manat ödənilməmiş hissəsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44.03 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və 4.40 manat məktub pulu olmaqla, cəmi 2451.43 manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev