Məhkəmə qərarları › İş №e-2(036)-2873/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2873/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2873/2023 13.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X3 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı «İcbari Sığorta Bürosu» X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 250 manat pul və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına zərər vurmuşdur. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadan istismar etmiş və bu səbəbdən onun barəsində AR İXM-nin 332.3cü maddəsinə uyğun tədbir görülmüşdür.

3. Seriya nömrəsi 038092 olan Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsində VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin arxa hissəsi əzilib. X2 istifadəsində olan Kia Cerato ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sağ yan hissəsi əzilib.

4. ƏN-İİİ 723272 nömrəli etibarnamənin surətindən görünür ki, Kia Cerato ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X4 mülkiyyətində olmaqla, X5 7 il 2 ay 4 gün müddətinə verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir.

5. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 14:20 radələrində VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsini törətməklə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə inzibati xəta törətmişdir.

6. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə inzibati xəta törətməklə 200 manat məbləğində cərimə edilmişdir.

7. AD N 476176 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21150 markalı buraxılış ili 2000-ci il olan, ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir.

8. ƏN-V 148531 nömrəli etibarnamənin surəti ilə müəyyən olunur ki, X1 mülkiyyətində olan VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 1 il 13 ay 2 gün müddətinə Cavabdeh etibar edilmişdir.

9. SHD-F-28.1/1 saylı dəymiş zərər barədə razılaşmaya əsasən, KİA Cerato ** MD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 250 manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı «İcbari Sığorta Bürosu» X3 nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.

17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 32.1.3. Mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, Büro tərəfindən kompensasiya ödənişi verilir.

21. Maddə 32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir.

22. Maddə 63.1. Bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

23. Maddə 63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

30. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

31. Belə ki, iş materialları ilə müəyyən olur ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına zərər vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh VAZ 21150 markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadan istismar etmiş və bu səbəbdən onun barəsində AR İXM-nin 332.3cü maddəsinə uyğun tədbir görülmüşdür.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

35. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

36. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 250 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu tutulub «İcbari Sığorta Bürosu» X3 xeyrinə ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı «İcbari Sığorta Bürosu» X3 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 250 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu tutulub «İcbari Sığorta Bürosu» X3 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar