Məhkəmə qərarları › İş №e-2(036)-2953/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2953/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2953/2022 16.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib xam pambığın alqı-satqısına dair tərəflər arasında bağlanmış 16 fevral 2021-ci il tarixli 21376374 saylı müqavilədən irəli gələn öhdəliyi qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi üçün xeyrinə 7293,14 manat əsas borc, 1451,33 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 107,45 manat olmaqla cəmi 8851 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan "xxxx" MMC ( Alıcı ), «MKT İmişli filialı» (Tədarükçü) və Cavabdeh ( Təsərrüfat) arasında bağlanmış «xam pambığın alqı-satqısına dair » 16 fevral 2021-ci il tarixli 21376374 nömrəli müqavilənin 2.1.2 bəndinə əsasən tərəflər Təsərrüfata aid 27,3 ha torpaq sahəsində pambıq əkilməsi və əldə edilən məhsulun kondisiya çəkidə dəyəri ödənilməklə “Alıcının” mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən “Alıcı” “Tədarükçü”nün vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın və pul vəsaitinin “Tədarükçü”nün iştirakı ilə “Təsərrüfat”a verilməsini öhdəsinə götürür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 21376374 saylı müqavilə üzrə Hesabdan Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olan dövrdə 27,3 ha ərazidə pambıq becərmək məqsədilə Fermer Cavabdeh 36172,83 manat avans ödənilmiş, 19784,69 manat dəyərində xam pambıq alınmış və 9095 manat nağd qaytarılma hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, fermer Cavabdeh 2021-ci ilin mövsüm müddətində olan "xxxx" MMC –nin sifarişi ilə ondan aldığı 36172,83 manat avans vəsaiti hesabına 27,3 ha sahədə pambıq becərilməsi üçün əkin aparmış və 19784,69 manat dəyərində xam pambıq yığıb təhvil verərək 7293,14 manat borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar vu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 7293,14 manat və ödənilmiş dövlət rüsumuna görə 107,45 manat tutulub iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməli, iddia tələbi cəriməyə dair hissəsində isə hüquqi əsas olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7293,14 (yeddi min iki yüz doxsan üç manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 107,45 (yüz yeddi manat qırx beş qəpik) manat tutulub iddiaçı "xxxx" MMC-ə verilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar