Məhkəmə qərarları › İş №e-2(036)-2979/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2979/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2979/2022 21.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1147,05 manat əsas borc, 314,30 manat cərimə borcu və 34,65 manat ödənilmiş dövlət rüsumu olmaqla, 1496 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMCnin “MKT-İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 21 376 5034 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1,35 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 1789,46 manat dəyərində zəruri vəsait verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğinin dəyərini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 803,45 kq yəni 562,42 manat dəyərində xam pambıq verilmiş və bununlada iddiaçıdan götürülən xam pambığın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans məbləğinin dəyərinə görə iddiaçıya 1147,05 manat borcu yaranmışdır. Həmçinin, müqavilənin 4.2-ci maddəsinə əsasən, cavabdeh əsas borcun ödənilməyən hissəsinə görə hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğinə görə cərimə ödəməlidir ki, bu cərimənində məbləği 314,30 manat təşkil edir. Qeyd edilən tələblərlə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh tərəfindən iddiaçının pretenziyalarına cavab verilməmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 21 376 5034 saylı, 04 yanvar 2021-ci tarixli “2021-ci il mövsümü üzrə xampambığın alqı-satqısı haqqında” müqavilədən görünür ki, Cavabdeh 1,35 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsul əldə etməklə xampambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-dən 1789,46 manat məbləğində avans vəsait götürmüşdür. İş materiallarından olan 01 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 376 5034 saylı, 04 yanvar 2021-ci tarixli “2021-ci il mövsümü üzrə xampambığın alqı-satqısı haqqında” müqaviləsinə əsasən İddiaçı MMC-yə 1147,05 manat əsas borcu və 314,30 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-nin İmişli filialı ilə aralarında bağlanmış 21 376 5034 saylı, 04 yanvar 2021-ci tarixli 2021-ci il mövsümü üzrə “xampambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəliyi vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinə görə мəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 314,30 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 34,65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 34,65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 1147,05 manat əsas borc, 20 manat cərimə borcu və 34,65 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1201,7 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1147,05 manat əsas borc, 20 manat cərimə borcu və 34,65 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1201,7 (bir min iki yüz bir manat, yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar