Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2982/2022 22.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 noyabr 2020-ci il tarixli, 22056928 saylı alqı-satqı müqaviləsi üzrə 1335,2 manat əsas borc, 223,2 manat cərimə borcu, 10 may 2021-ci il tarixli, 23057600 saylı alqı-satqı müqaviləsi üzrə 3396,6 manat əsas borc, 846 manat cərimə borcu olmaqla, ümumilikdə 5801 manat məbləğində borcun və 78,01 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli, 22056928 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 2978,4 manat olan “X2 Atron”, “Seksiya HOFFMANN”, “Kombi Stablizator NOVA”, “X1”, “KomPlus Kombi seti”, 10 ədəd “Seksiya üçün kran DemirDöküm” satılmışdır. Cavabdeh malın dəyərindən ilkin ödəniş etməmiş, həmin məbləği isə 24 ay müddətinə hər ay 124,1 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Digər 10 may 2021-ci il tarixli, 23057600 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 3426,6 manat olan “LG kondisioner” və “Samsung LED TV” satılmışdır. Cavabdeh həmin malların dəyərində 30 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 18 ay müddətinə hər ay 188,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli, 22056928 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 2978,4 manat olan “X2 Atron”, “Seksiya HOFFMANN”, “Kombi Stablizator NOVA”, “X1”, “KomPlus Kombi seti”, 10 ədəd “Seksiya üçün kran DemirDöküm” satılmış və cavabdeh malın dəyərindən ilkin ödəniş etməmiş, həmin məbləği isə 24 ay müddətinə hər ay 124,1 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 may 2021-ci il tarixli, 23057600 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 3426,6 manat olan “LG kondisioner” və “Samsung LED TV” satılmış və cavabdeh həmin malın dəyərindən 30 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 18 ay müddətinə hər ay 188,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 18 noyabr 2020-ci il tarixli, 22056928 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə olan əsas borcu 1335,2 manat, cərimə borcu 223,2 manat, 10 may 2021-ci il tarixli, 23057600 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə olan əsas borcu 3396,6 manat, cərimə borcu 846 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 18 noyabr 2020-ci il tarixli, 22056928 saylı və 10 may 2021-ci il tarixli, 23057600 saylı alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 noyabr 2020-ci il tarixli, 22056928 saylı alqısatqı müqaviləsi üzrə 1335,2 manat əsas borc, 20 manat cərimə borcu, 10 may 2021-ci il tarixli, 23057600 saylı alqı-satqı müqaviləsi üzrə 3396,6 manat əsas borc, 30 manat cərimə borcu və 78,01 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4859,81 manat məbləğində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 noyabr 2020-ci il tarixli, 22056928 saylı alqı-satqı müqaviləsi üzrə 1335,2 manat əsas borc, 20 manat cərimə borcu, 10 may 2021-ci il tarixli, 23057600 saylı alqı-satqı müqaviləsi üzrə 3396,6 manat əsas borc, 30 manat cərimə borcu və 78,01 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4859,81 (dörd min səkkiz yüz əlli doqquz manat, səksən bir qəpik) manat məbləğində pul alınıb "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №e-2(036)-2982/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2982/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver