Məhkəmə qərarları › İş №e-2(036)-3145/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3145/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3145/2022 29.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh nisyə alqısatqı müqavilələri üzrə yaranmış 5634 manat əsas borcun, 2,20 manat məktub pulunun, 0,40 manat xidmət haqqının və 76,34 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 544 manat olan “X1” satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 40 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 12 ay müddətinə hər ay 42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Digər 31 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 2024 manat olan “Beko AC-18.000” markalı kondisioner satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 80 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Digər 14 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 1096 manat olan “ALTUS ALK-81201 AZS” markalı paltaryuyan satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 40 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Digər 14 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ümumi dəyəri 2316 manat olan “RİFFEL RCNK-60011 XP” satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 60 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 29 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 544 manat olan “X1” satılmış, cavabdeh isə aldığı malın dəyərindən 40 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 12 ay müddətinə hər ay 42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 31 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 2024 manat olan “Beko AC-18.000” markalı kondisioner satılmış, cavabdeh isə aldığı malın dəyərindən 80 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 14 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 1096 manat olan “ALTUS ALK-81201 AZS” markalı paltaryuyan satılmış, cavabdeh isə aldığı malın dəyərindən 40 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 14 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 2316 manat olan “RİFFEL RCNK-60011 XP” satılmış, cavabdeh isə aldığı malın dəyərindən 60 manat ilkin ödəniş etmiş, qalıq məbləği isə 24 ay müddətinə hər ay 94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 29-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5634 manat əsas borc, 2,20 manat məktub pulu, 0,40 manat xidmət haqqı və 76,34 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5712,94 manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5634 manat əsas borc, 2,20 manat məktub pulu, 0,40 manat xidmət haqqı və 76,34 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5712,94 (beş min yeddi yüz on iki manat, doxsan dörd qəpik) manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar