Məhkəmə qərarları › İş №e-2(036)-3533/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3533/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3533/2025 05.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1640 (bir min altı yüz qırx) manat gecikdirilmiş borcun, 262.40 (iki yüz altmış iki manat, qırx qəpik) manat cərimə borcunun və 39.03 (otuz doqquz manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29 noyabr 2022-ci il tarixdə Kazimoff markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqısatqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC, ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1640 (bir min altı yüz qırx) manat, cərimə üzrə 262.40 (iki yüz altmış iki manat, qırx qəpik) manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı, ümumi dəyəri 1690 manat olan malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınır. Qeyd edilən müqavilənin 4.5-ci maddəsinə əsasən ödənişin gecikməsinə görə borclu hər gecikdirilən gün üçün penya ödəməlidir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1640 (bir min altı yüz qırx) manat gecikdirilmiş borcu, 262.40 (iki yüz altmış iki manat, qırx qəpik) manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 82 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1640 (bir min altı yüz qırx) manat gecikdirilmiş borcun, 82 (səksən iki) manat cərimə borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1640 (bir min altı yüz qırx) manat əsas, 82 (səksən iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1722 (bir min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1640 (bir min altı yüz qırx) manat əsas, 82 (səksən iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1722 (bir min yeddi yüz iyirmi iki) manat, 37.22 (otuz yeddi manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 39.03 manat dövlət rüsumunun 37.22 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 1.81 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 1640 (bir min altı yüz qırx) manat əsas, 82 (səksən iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1722 (bir min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37.22 (otuz yeddi manat, iyirmi iki qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar