Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-524/2025 22.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 1500,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,00 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 1500,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,00 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il saat 23:00 radələrində Bakı şəhəri, A.Zeynallı küçəsi ərazisində Cavabdeh idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Howo” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 200” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya və X1 məxsus daşınmaz əmlaka maddi ziyan vurmuşdur. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 640 №-li Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz 200” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1500,00 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA83727/21 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1500,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
6. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişiməbləğində subroqasiya hüququ yaranır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İşin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində idarə etdiyi, iddiaçıda icbari sığorta növü üzrə sığortalanmış «Howo” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, A.Zeynallı küçəsi ərazisində hərəkətdə olan «MERCEDES BENZ 200” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «MERCEDES BENZ 200” markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. İddiaçı tərəfindən avtomobilə dəymiş zərərə görə 1500 manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir.
8. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.
9. Belə ki, «Howo” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus «MERCEDES BENZ 200” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
10. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tələb edə bilər.
11. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1500,00 manat məbləğində pul vəsaiti və ödənilmiş 35,00 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev