Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-584/2024 25.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: sığorta, subroqasiya) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdеhdən 350 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 380 manat) alınaraq, iddiaçının hеsabına köçürülməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdеhdən 350 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 380 manat) alınaraq, iddiaçının hеsabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TOYOTA HİGHLANDER” markalı, 90– EV–020 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçıda icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyunun 13-də cavabdeh idarə etdiyi “TOYOTA HİGHLANDER” markalı, 90–EV–020 dövlət nömrə nişanlı avtomobillə “VOLKSWAGEN PASSAT” markalı, 90–FG–051 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Bakı DYPİ-i tərəfindən İXP 40671272 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2021ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN PASSAT” markalı, 90–FG–051 dövlət nömrə nişanlı avtomobilə 350 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci ildə 350 manat sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödəmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hazırda hadisənin baş verdiyi tarixdən xeyli müddət keçdiyi üçün dəqiq tarix yadında deyil. Lakin hadisə baş verdikdən sonra öz aralarında razılaşmışlar. Sığortaya məlumat verməmişlər. İki gün sonra həmin şəxs ona zəng edərək maşına dəymiş ziyanın 800 manat məbləğində olduğunu bildirdikdə o, etiraz etmişdir. Həmin şəxsin idarə etdiyi “VOLKSWAGEN PASSAT” markalı, 90–FG–051 dövlət nömrə nişanlı avtomobili servizə aparmışlar. Orada maşının təmiri üçün 200 manat xərc tələb olunduğunu bildirmişlər. Orada razılaşmışlar. İki gün sonra həmin şəxs ona yenidən zəng edərək servisin uzaq olduğunu, ora gedə bilməyəcəyini, maşının arxa kamerasının toqquşma nəticəsində qırıldığını və kameranı almaq üçün ondan 50 manat pul istəmişdir. Həmin pulu onun kartına atmışdır. Daha sonra ona 150 manat da göndərmişdir. Üç il müddət keçdikdən sonra ona məlum olmuşdur ki, həmin şəxs sığortaya da müraciət etmişdir. Sığorta şirkəti ilə maraqlandıqda oradan ona bildirmişlər ki, ünvanına bildiriş göndərilib, lakin ünvanda yaşamadığından çatdırılma mümkün olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
7. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdehə məxsus “TOYOTA HİGHLANDER” markalı, 90–EV–020 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçıda icbari sığorta növündə sığortalanaraq xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə saat 23:10 radələrində cavabdehin idarə etdiyi “TOYOTA HİGHLANDER” markalı, 90–EV–020 dövlət nömrə nişanlı avtomobillə X1 idarə etdiyi “VOLKSWAGEN PASSAT” markalı, 90–FG–051 dövlət nömrə nişanlı avtomobil toqquşmuş və nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməklə TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən “VOLKSWAGEN PASSAT” markalı, 90–FG–051 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödənilmişdir.
9. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.
10. Belə ki, “TOYOTA HİGHLANDER” markalı, 90–EV–020 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus avtomobilə zərər dəymiş, yol nəqliyyat hadisəsi yerindən yayınmış, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrinə uyğun olaraq cərimə edilmiş və iddiaçı digər şəxsə məxsus avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
11. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zərəçəkmişə ödənilmiş pul vəsaitini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır.
12. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
13. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 350 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 380 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hеsabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev