Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-597/2023 10.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 390 manat əsas borc, 2.20 manat məktub pulu, ödənilmiş dövlət rüsumu 30 manat və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 422.60 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. “SEVGİ MEBEL” mağazası və Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “TV Led Samsung 55k5500” markalı televizora görə 180 manat ilkin ödəniş etməklə 10 ay ödəniş cədvəli üzrə hər ay 170 manat olmaqla, cəmi 1880 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 2(iki) % dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.
4. Cavabdeh müqavilənin şərtlərini pozaraq 1490 manat ödəniş etmiş, 390 manat ödənilməmiş borc qalmışdır.
5. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
6. Hazırda cavabdehin “SEVGİ MEBEL” mağazasına borcu 390 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
7. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
11. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
12. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, alqı-satqı müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
22. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.
23. İş materialları ilə müəyyən olur ki, alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
24. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 390 manat əsas borc, 2.20 manat məktub pulu, ödənilmiş dövlət rüsumu 30 manat və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 422.60 manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Telman Quliyev.