Məhkəmə qərarları › İş №e-2(036)-694/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-694/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-694/2024 27.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı «X1 Kompleksi» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Kompleksi» MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə Cavabdeh 1502 manat əsas borc, 300 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 39 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan «X1 Kompleksi» MMC (Alıcı) və Cavabdeh (Fermer) arasında «X1 Kompleksi» MMC –nin İmişli pambıq istehsalı və tədarükü məntəqəsinin (Tədarükçü) iştirakı ilə bağlanmış 17 yanvar 2022-ci il tarixli 307 saylı xam pambığın alqı-satqısına dair müqaviləsinə əsasən “Fermer” ona məxsus olan 3.98 ha torpaq sahəsində pambıq əkməyi və əldə edilən yüksək keyfiyyətli məhsulu müəyyən edilmiş qiymətə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul edib dəyərini müəyyən edilmiş qiymətlə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və.s fermerə göstərilən ' xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən fermerə verilən avans vəsaitlərinin (nağdsız qaydada ödəmələr və sair aqrotexniki xidmətlər) təminatını və tədarük edilən xam pambığın dəyərinin ödənilməsini “Tədarükçü” vasitəsilə həyata keçirir. İşdə olan arayışa əsasən «X1 Kompleksi» MMC (Tədarükçü) ilə Cavabdeh (İstehsalçı) arasında bağlanmış “xam pambığın alqı-satqısına dair” 17 yanvar 2022-ci il tarixli 307 saylı müqavilə çərçivəsində Cavabdeh nağd pul (avans), o cümlədən dərmanlama, şum, mala, suvarma və sair xidmətlərə görə fermerə, ümumilikdə 5786.96 manat dəyərində vəsait xərclənmişdir; Cavabdeh (istehsalçı) «X1 Kompleksi» MMC-yə cəmi 4284 manat dəyərində pambıq təhvil verərək 1502.24 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar vu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1502 manat və ödənilmiş dövlət rüsumuna görə 39 manat tutulub iddiaçı «X1 Kompleksi» MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1502 (bir min beş yüz iki) manat və ödənilmiş dövlət rüsumuna görə 39 (otuz doqquz) manat tutulub iddiaçı «X1 Kompleksi» MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar