Məhkəmə qərarları › İş №e-2(036)-897/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-897/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-897/2024 17.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən xx.xx.2023-cü il tarixli İF/06104 saylı X6 müqaviləsi üzrə 5657.98 manat borcun, 1300.00 manat yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən inzibati cərimələrin və avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqının, cəmi 7007.98 manatın və dövlət rüsumu olaraq ödənilmiş 85.00 manat məbləğin, iddiaçının xeyirinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2023-ci il tarixli İF/06104 saylı X6 müqaviləsi üzrə 5107.90 manat borcun, 1300.00 manat yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən inzibati cərimələrin, avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqının, cəmi 6457.90 manatın və dövlət rüsumu olaraq ödənilən 85.00 manat məbləğin, iddiaçının xeyirinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2023ci il tarixli İF/06104 saylı 36 ay müddətli X6 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Chevrolet Cruze minik markalı 77AL612 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. İki ay ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilə müddəti ərzində 669.00 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 13895.07 manat, faiz borcu 1681.92 manat, cərimə borcu 30.91 manat, cəmi 15607.90 manat təşkil edir. Avtomobil cavabdehin istifadəsində olarkən 1300.00 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. Lizinq obyekti iddiaçı tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən 10500.00 manat dəyərində qiymətləndirilmişdir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı 50 manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxdıqdan sonra cavabdehin hal-hazırda iddiaçıya (156xx.xx-10500.00=) 5107.90 manat borcu vardır.

3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli İF/06104 saylı X6 müqaviləsi üzrə 5657.98 manat borcun, 1300.00 manat yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən inzibati cərimələrin və avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqının, cəmi 7007.98 manatın və dövlət rüsumu olaraq ödənilmiş 85.00 manat məbləğin, iddiaçının xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, avtomobili cəmi 2 ay idarə etmişdir. Sonra maşında problem yaranmış, düzəldilməsi üçün maşını ustaya vermişdir. xx.xx.2023-cü il tarixdə usta ona zəng etmişdir ki, şirkət maşını aparmağa gəlmişdir. Onlara onu gözləmələrini demişdir. İddiaçının əməkdaşları ona bildirmişlər ki, maşını şirkətə aparırlar. Şirkət rəhbərliyi ilə danışıb razılaşmaq üçün şirkətə getmiş, lakin görüşməyə imkan verməmişlər. Maşını ona verəndə 14.100 manat qiymət yazmışlar, təhvil alanda isə 10.000 manat qeyd etmişlər. Şirkətin hesabına 469 manat, 300 manat və 200 manat pul ödəmişdir. Bundan başqa, etibarnamə əsasında 680 manat ödəniş etmişdir. Cəmi 700 manat ödənilməmiş cəriməsi qalmışdır. Qalan borcu qəbul etmir. İddiaçı ona qanunsuz olaraq noyabr ayına qədər borc hesablamışdır. xx.xx.2023-cü il tarixdə avtomobil təhvil verildiyi halda ona noyabr ayına qədər borc hesablanmışdır. Sonda cavabdeh iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, o da şirkətdən kreditlə maşın götürmüşdür. İddiaçı şirkətin rəhbərliyi ilə cavabdehi, o, tanış etmişdir. İddiaçının əməkdaşları xx.xx.2023-cü il tarixdə maşını Sumqayıt şəhərindən ustanın yanından götürmüşlər və bildirmişlər ki, maşını düzəltdirib cavabdehin pulunu verəcəklər, lakin verməmişlər.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli İF/06104 saylı X6 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdehin sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (Chevrolet Cruze minik markalı 77AL612 dövlət nömrə nişanlı avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər.

10. Müqavilə iddiaçı tərəfin imzası və möhürü, cavabdehin imzası ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X6i müqaviləsinə istinad edir.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş lizinq müqaviləsinin, maliyyə arayışının, ödəniş qrafikinin müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, iddiaçı tərəfindən lizinq obyekti cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən 5657,98 manat borcun ödənilməsi tələb edilir ki, həmin borcun 3657,98 manat məbləği lizinq müqaviləsi üzrə borc, 2000 manat məbləği isə avtomobilin təmir və ehtiyyat hissələrinə görə tələb olunan borc məbləğidir.

15. Lizinq müqaviləsi üzrə borca münasibətdə məhkəmə qeyd edir ki, işdə olan maliyyə arayışından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə borcun ödənilməsini tələb edir ki, bu halda avtomobilin həmin müddət ərzində cavabdehin istifadəsində olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

16. Əksinə məhkəmə iclasında iştirak edən cavabdeh avtomobilin təhvil verildikdən 2 aydan sonra iddiaçı tərəfindən ondan alındığını təkidlə bildirmişdir.

17. Eyni zamanda, işdə olan yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrdən görünür ki, cavabdeh tərəfindən həmin avtomobillə sonuncu inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir ki, bu hal da avtomobilin cavabdehin 2 ay istifadəsində olmasına dəlalət edir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 Müqaviləsinə əsasən cavabdehə lizinq ödənişi üzrə borcu 2 ay müddətinə hesablanmalıdır.

19. İşdə olan ödəniş qrafikindən göründüyü kimi cavabdehin aylıq ödənişinin məbləği 669,13 manat təşkil etməklə 2 ay üçün borc 1338,26 manat təşkil etmişdir. İddiaçı tərəfindən isə xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 469 manat olmaqla, ümumilikdə 969 manat ödəniş edilmişdir.

20. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2023-ci il tarixli İF/06104 saylı X6 müqaviləsi üzrə borcu 369,26 manat (1338,26 - 969) təşkil etdiyindən məhkəmə hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməklə cavabdehdən 369,26 manat tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə iddia tələbinin avtomobilin təmir və ehtiyyat hissələrinə görə tələb olunan borca, yəni vurulmuş ziyana münasibətdə aşağıdakıları qeyd edir:

22. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

23. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

24. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

25. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.

26. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli qüsur aktı təqdim edilsə də, həmin qüsur aktı məhkəmə tədqiqatı ilə müəyyən olunmuş avtomobilin cavabdehdən təhvil alındığı xx.xx.2023-cü il tarixdən təqribən 5 aydan sonra tərtib edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, həmin dəlil mötəbər hesab oluna bilməz.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.

28. Məhkəmə iddia tələbinin yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr hissəsinə münasibətdə qeyd edir ki, işdə olan təhvil-təslim aktından göründüyü kimi lizinq obyekti olan avtomobil cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən tarixdən sonrakı dövrdə törədilmiş inzibati xətalara görə ödənilən 712 manat məbləğində cərimə məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. İş materiallarında cavabdehin adına xx.xx.2023-cü il tarixdən əvvəlki dövrə aid inzibati xətalara görə cərimələr olsa da, avtomobilin həmin tarixlərdə cavabdehin istifadəsində olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən əvvəlki dövrdə cavabdehin adına yazılmış inzibati cərimələr üzrə ödənişlər cavabdehdən tutula bilməz.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

32. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 15,30 faizini təşkil etdiyini nəzərə aldıqda, iddiaçı tərəfindən ödənilmiş 85 manat mediasiya xərcindən dövlət rüsumunun iddiaçıya aid edilməli 72 manat məbləğ çıxılmaqla, qalan 13 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli İF/06104 saylı X6 müqaviləsi üzrə 369,26 manat borc, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən inzibati cərimələr üzrə 712 manat, cəmi 1081,26 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli İF/06104 saylı X6 müqaviləsi üzrə 369,26 manat borc, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən inzibati cərimələr üzrə 712 manat, cəmi 1081,26 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 85 manat dövlət rüsumunun 13 manat məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan 72 manat məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar