Məhkəmə qərarları › İş №e-2(037)-1068/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1068/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1068/2025 05.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə 05 noyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 85 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Binəqədi-Balaxanı yolu ərazisində Cavabdeh2 Mirzəağa oğluna məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Daimler Chrysler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 528” markalı, **-VD-*** və “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymiş, sürücü X4 az ağır dərəcəli xəsarət almışdır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qərarla bağlı sorğu ünvanlanmışdır. Cavab olaraq Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi və İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi öz təsdiqini tapmışdır. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “BMW 528” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 22005 manat, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1190 manat təşkil edir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə proporsionallıq nəzərə alınmaqla PXA112158/22 saylı sığorta aktı tərtib edilməklə “BMW 528” markalı, **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4743,48 manat, PXA112159/22 saylı sığorta aktı tərtib edilməklə “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 256,52 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən iş üzrə PXA116938/22 saylı sığorta aktı tərtib edilməklə sürücü X1 dəymiş zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ötən məhkəmə iclasında göndərdiyi ərizədə məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 fevral 2022-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən edilir ki, “Daimler Chrysler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 fevral 2023-cü il tarixədək sığortalanmışdır. Bakı şəhəri X6 İdarəsinin 14 iyun 2022-ci il tarixli, TP5076914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən müəyyən edilir ki, Babayev X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. 13 iyun 2022-ci il tarixli qüsur aktının surətindən müəyyən edilir ki, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1190 manat məbləğində maddi ziyan dəymişdir. 13 iyul 2022-ci il tarixli qüsur aktının surətindən müəyyən edilir ki, “BMW 528” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22005 manat məbləğində maddi ziyan dəymişdir. PXA112158 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, sığortalanmış “Daimler Chrysler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 528” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 22005 manat müəyyən edilmişdir. Ödəniləcək məbləğ 4743,48 manat təyin edilmişdir. PXA112159 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, sığortalanmış “Daimler Chrysler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı və “BMW 528” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 1190 manat müəyyən edilmişdir. Ödəniləcək məbləğ 256,52 manat təyin edilmişdir. PXA116938 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, sığortalanmış “Daimler Chrysler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 528” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı və “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində sürücü X4 az ağır dərəcəli xəsarət almışdır. Dəymiş zərərin ümumi məbləği 1500 manat müəyyən edilmişdir. Ödəniləcək məbləğ 1500 manat təyin edilmişdir. 21 sentyabr 2022-ci il tarixli xx/xx-2119 nömrəli məktubun surətindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 6500 manat sığorta ödənişi subroqasiya qaydasında 07 iş günü ərzində könüllü ödənilməsi təklif edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Binəqədi-Balaxanı yolu ərazisində Cavabdeh2 Mirzəağa oğluna məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Daimler Chrysler” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 528” markalı, **-VD-*** və “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymiş, sürücü X4 az ağır dərəcəli xəsarət almışdır. Bakı şəhəri X6 İdarəsinin 14 iyun 2022-ci il tarixli, TP5076914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Babayev X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. Qüsur aktlarına əsasən “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1190 manat, “BMW 528” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 22005 manat məbləğində maddi ziyan dəymişdir. PXA112158 nömrəli sığorta aktı üzrə ödəniləcək məbləğ 4743,48 manat, PXA112159 nömrəli sığorta aktı üzrə ödəniləcək məbləğ 256,52 manat, PXA116938 nömrəli sığorta aktı üzrə isə sürücü X4 az ağır dərəcəli xəsarət aldığından ödəniləcək məbləğ 1500 manat təyin edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh1 6500 manat sığorta ödənişi subroqasiya qaydasında 07 iş günü ərzində könüllü ödənilməsi təklif edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 6500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 85 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, Cavabdeh2 özünə məxsus avtomobili sürücülük vəsiqəsi olmayan Cavabdeh1 verdiyinə və Cavabdeh1 həmin avtomobillə toqquşaraq qəza törətdiyinə görə birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 85 manat dövlət rüsumu məbləği də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 manat pul vəsaiti və 85 manat ödənilmiş dövlət rüsumu – cəmi 6585 (altı min beş yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar