Məhkəmə qərarları › İş №e-2(037)-1142/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1142/2025

16.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1142/2025 16.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair mülki işə 16 dekabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən **********00100 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 2073.60 manat və 864 manat cərimə məbləğlərinin azaldılaraq qanuna uyğun şəkildə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini əsaslandırdığı hallar Tələb onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhər,Nizami küç ev 6 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00100 olmaqla cavabdeh X2 tərəfindən mexaniki sayğac quraşdırılmaqla qazla təmin olunmaqdadır. Bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixində Azəriqaz ödəniş sistemində ödəniş edərkən qaz yükləmək çətinliyi yarandığı üçün heç cür ödəniş etmək mümkün olmadığından qaz sayğacını açaraq rezin boru ilə cəmi 4 gün müddətində qazdan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən keçirilən reyd zamanı onun ünvanına gələrək sayğacdan kənar qazdan istifadə halı aşkarlanmışdır. Nəticədə ona bir il müddətinədək qazdan istifadə edirmiş kimi rəsmiləşdirlilərək əməkdaşlar tərəfindən 17280 m3 itirilmiş qazın bərpası məqsədilə 2073.60 manat cərimə yazılmışdır. Qeyd edir ki, Cavabdeh İB İsmayıllı xidmət sahəsinin qaz təsərrüfatının nəzarətçisi tərəfindən hər ayda iki dəfə sayğacların göstəricilərinin oxunma prosesi həyata keçirilir ki, bu da onun qazdan qeyri-qanuni istifadə etmə halını ən çoxu 15 gün ola biləcəyini təsdiq edir. Hər iki oxunuş zamanı heç bir qeyri-qanuni qoşulma halı aşkar edilməmişdir. Hesab edir ki, bu hesablama metodu heç bir qanuna əsaslanmır və qərəzli şəkildə şişirdilmişdir. Cərimə abonent koduna vurulduqdan sonra xx.xx.2024-cü il tarixdə smart sayğacının üzərinə böyük məbləğdə borcun qeyri-qanuni yüklənməsi, qaza etdiyi ödənişin yarısının həmin borca tutulması ona psixoloji olaraq cox ağır təsir etdi və o öz hisslərinə hakim ola bilməyərək qaz xəttinə yenidən rezin boru vasitəsilə qoşulmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları yenidən qanunsuz qoşulmanı aşkar edərək barəsində yeni akt tərtib etdilər və bu dəfə nisbətən az 7200 kub cərimə hesabladılar. Cərimə hesablanarkən 100 gün müddətində qazdan istifadə edirmiş kimi rəsmiləşdirdilər. Bir daha qeyd edir ki, 15 gün öncə İsmayıllı xidmət sahəsinin əməkdaşları tərəfindən qaz xətləri və qaz sayğaclarına sərfiyatların oxunması məqsədilə baxış keçirmişlər və heç bir neqativ hal aşkar olunmamışdır.İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi sаyğаcdan kənar şəkildə qazdan istifadə etməyi birinci dəfə üçün ödəniş sistemlərinin işləməməsi üzündən, ikinci dəfə isə Birlik əməkdaşlarının qərəzlı şəkildə yüksək miqdarda cərimə təsdiq etmələri səsbəbindən etmiş və Cavabdeh əməkdaşlarının qeyri-qanuni qazdan istifadə halını qərəzli şəkildə şişirdərək bir il ərzində qazdan istifadə edirmiş kimi rəsmiləşdirərək akt tərtib etməsi və analoqu olmayan cərimə məbləği təyin etməsi qanunsuz və əsassızdır. Buda o deməkdir ki, Birlik əməkdaşları öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona real olmayan cərimə məbləği təyin etmişdir.Ona görə də Cavabdeh İB-nin əməkdaşlarının qeyri-qanuni hesablama üsulu ilə müxtəlif hesablama metodları ilə abonent koduna yazılmış 2073.60 və 864 manat cərimə məbləğlərinin daha ədalətli və qanuna uyğun formada hesablanaraq tətbiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhəri, Nizami küçəsi ev 6 ünvanında yaşayan İddiaçı İsmayıllı Rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 2073.60 və 864 manat cərimə məbləğlərinin azaldılaraq qanunauyğun şəkildə hesablanmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz olaraq ona 2073.60 və 864 manat məbləğində cərimə yazdıqlarını bildirmiş və həmin məbləğlərin azaldılaraq qanunauyğun şəkildə hesablanmasını xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” X3 RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları İsmayıllı şəhəri, Nizami küçəsi ev 6 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində dəymiş ziyanin bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00100 nömrəli abonent koduna 17280 m3 itirilmiş təbii qazın dəyəri olan 2073.60 manat məbləğ hesablanaraq vurulmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə təkrarən Cavabdeh ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində dəymiş ziyanin bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00100 nömrəli abonent koduna 7200 m3 itirilmiş təbii qazın dəyəri olan 864 manat məbləğ hesablanaraq vurulmuşdur. İddiaçının İsmayıllı XS-nin abonent bazasındakı **********00100 nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğlər təbii qazdan qeyri-qanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd etmək istəyir ki, iddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanan zaman mobil telefon vasitəsi ilə çəkilişlər aparılmışdır. (Bir ədəd CD disk məhkəmə prosesi zamanı nümayəndə tərəfindən təqdim ediləckdir) İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5.3 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı iş üzrə də hesabatlar bu qaydaya əsasən aparılmışdır. Ona görə də İsmayıllı şəhəri Nizami küçəsi ev 6 ünvanında yaşayan İddiaçı əsassız hesablanmış 2073.60 və 864 manat cərimə məbləğlərinin azaldılaraq qanunauyğun şəkildə hesablanması tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş - Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 oktyabr 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin evinə baxış zamanı abonentin sayğacı açaraq yerinə rezin boru ilə birləşdirərək qazdan qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi tələb olumuşdur. İddiaçı aktı imzalamamışdır. - Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin evinə baxış zamanı abonentin sayğaca gələn qaz xəttini açaraq şlanq birləşmə qoşaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi tələb olumuşdur. İddiaçı aktı imzalamamışdır. - Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 25 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 7200 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - 08 dekabr 2025-ci il tarixli abonentin saldosundan görünür ki, 2023-cü ilin noyabr ayının sonuna iddiaçının **********00100 nömrəli abonent koduna 17280 m3 təbii qazın dəyəri 2073,6 manat və 2024-cü ilin fevral ayının sonuna iddiaçının **********00100 nömrəli abonent koduna 7200 m3 təbii qazın dəyəri 864 manat borclar vurulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçının qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 17280 m3 miqdarında, yəni 2073,6 manat və 2160 m3 miqdarında, yəni 864 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, iddiaçının 2023-cü ilin oktyabr ayında və 2024-cü ilin yanvar ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da Azəriqaz İB iddiaçının təbii qazdan 360 gün və 100 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2073,6 manat və 864 manat cərimələr hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 360 gün və 100 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı tərtib olunmuş aktı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına göndərilməsinə dair sübut təqdim etməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. İddiaçının təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı tərtib edilmiş sənədlərlə yanaşı, onun fərdi yaşayış evində qaz avadanlıqlarından 4-5 gün müddətində istifadə etməsi özünün də etirafı ilə qismən təsdiq olunur. Ona görə də iddiaçının fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyanlar 1 ay müddətinə hesablanmalıdır (4x12x30=1440 m3) və (6x12x30=2160 m3) Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib olunmuş 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 2073,6 manat cərimə məbləği azaldılaraq 172,8 manat (4 x 12 x 30 = 1440 m 3 x 12 = 172,8 manat) və Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib olunmuş 25 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 864 manat cərimə məbləği azaldılaraq 259.20 manat (6 x 12 x 30 = 2160 m 3 x 12 = 259.20 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 172,8 və 259.20 manat olmaqla, ümumilikdə 432 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 31 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00100 nömrəli abonent koduna vurulmuş 2073,6 manat cərimə məbləği azaldılaraq 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik müəyyən edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 25 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00100 nömrəli abonent koduna vurulmuş 864 manat cərimə məbləği azaldılaraq 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik müəyyən edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar