Məhkəmə qərarları › İş №e-2(037)-119/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-119/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-119/2025 07.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 14 noyabr 2024-cü il tarixə yaranmış 16 fevral 2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 777,7 manat əsas, 116,6 manat cərimə olmaqla cəmi 894,3 manat borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 fevral 2024cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı telefon, aksesuar və akumluyatora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 78 manat olmaqla, cəmi 933,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtini pozaraq sonuncu dəfə 22 aprel 2024-cü il tarixdə 78,2 manat ödəniş etmiş və qalıq qalmış 777,7 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1166 manat təşkil edir. Hesablanmış cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i - yəni 116,6 manat cavabdehdən tələb olunur. Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı 16 fevral 2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cəmi 894,3 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı «İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 4 dekabr 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Qubaxəlilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin 2006-cı ilin sentyabr ayından ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyü, məhkəmə sənədinin cavabdehə çatdırılması üçün saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 16 fevral 2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 78 manat olmaqla cəmi 933,96 manat dəyərində “Samsung A546 Black 128gb” markalı telefon və üç ədəd aksesuar satılmışdır. - Xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 16 fevral 2024-cü il tarixli müqavilə üzrə 777,7 manat əsas borc, 1166 manat cərimə, müqavilə üzrə cəmi 1943,7 manat pulun ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 14 noyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 16 fevral 2024-cü il tarixli müqavilə üzrə 777,7 manat əsas, 1166 manat cərimə olmaqla cəmi 1943,7 manat borcu vardır. - 22 noyabr 2024-cü il tarixli görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 fevral 2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung A546 Black 128gb” markalı telefon və üç ədəd aksesuara görə 12 ay müddətinə hər ay 78 manat olmaqla cəmi 933,96 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtini pozaraq sonuncu dəfə 22 aprel 2024-cü il tarixdə 78,2 manat ödəniş etmiş və qalıq qalmış 777,7 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1166 manat təşkil edir. Hesablanmış cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i - yəni 116,6 manat cavabdehdən tələb olunur. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən yayınmışdır. İddiaçı cavabdehdən 16 fevral 2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14 noyabr 2024-cü il tarixə yaranmış 777,7 manat əsas, 116,6 manat cərimə olmaqla cəmi 894,3 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı «İrşad Electronics” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 fevral 2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 777,7 manat əsas, 116,6 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 924,3 manat məbləği alınaraq iddiaçı «İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16 fevral 2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 777,7 manat əsas, 116,6 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 924 (doqquz yüz iyirmi dörd) manat 30 (otuz) qəpik məbləği alınaraq iddiaçı «İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar