Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1307/2025 21.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin faktiki halları: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 378 manat əsas borc, 100 manat gecikmə faiz və 30 manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi (VÖEN: **********) “Mobi Home” mağazası adı altında fəaliyyət göstərir. Cavabdehə 09 fevral 2022-ci il tarixində bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 878 manat olan “Samsung A325” markalı telefon və mobil aksesuarlarının 09 ay müddətinə satışını həyata keçirmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ümumi 500 manat ödəniş etmişdir. Cavabdehin nisyə alqı-satqı müqaviləsinə əsasən 378 manat borcu qalmışdır. Sonuncu ödənişindən 2 ildən artıq keçməsinə baxmayaraq hələdə ödəniş olunmamışdır. Dəfələrlə telefonla əlaqə saxlamaq istəsə də telefonlarına cavab verməmişdir. Cavabdehin ünvanına pretenziya məktubu göndərilmişdir. Lakin nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarında olan sənədlər: 09 fevral 2022-ci il tarixli YYT 1041 nömrəli nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, fizi şəxs İddiaçı tərəfindən Cavabdeh 09 ay müddət ərzində aylıq 98 manat (sonuncu ay 94 manat) ödəniş etməklə ümumi 878 manat dəyərində “Samsung A325 4/128 GB” markalı telefon, “Remax powerbank”, “Akekio aky16 airpods, qulaqcıq, kabura və şüşə satılmışdır. 21 avqust 2025-ci il tarixli 021 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən borcun 07 gün ərzində, 28 avqust 2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia ərizəsinin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 10 sentyabr 2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 389-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin əsas borc hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh borcunu müqavilənin şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin gecikmə faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində 100 manat gecikmə faiz məbləğini cavabdehdən tələb etsə də həmin məbləğin haradan və necə yaranması barədə sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə faiz məbləğinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz çərçivəsində ödənilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda, iddia tələbi gecikmə faiz borcu hissəsində qismən – 37,8 (378*5/100=18,9, 18,9*2=37,8) manat həddində təmin edilməlidir. Məhkəmə xərcləri: Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 378 manat əsas borc, 37,8 manat gecikmə faiz və 30 manat dövlət rüsumu - cəmi 445 (dörd yüz qırx beş) manat 80 (səksən) qəpik alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1307/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1307/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver