Məhkəmə qərarları › İş №e-2(037)-1345/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1345/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1345/2024 29.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 20 fevral 2023-cü il tarixli BHR000360 saylı nisyə alqısatqı müqaviləsi üzrə 1568 manat əsas borc, 235,2 manat cərimə, 39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli BHR000360 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2278 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və müqaviləyə əlavə olan sazişə əsasən X1 Cavabdeh qarşı olan 2278 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdehin İddiaçı QSC-yə 1568 manat əsas borc, 235,2 manat cərimə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 25 sentyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş -20 fevral 2023-cü il tarixli BHR000360 saylı Nisyə Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 tərəfindən Cavabdeh 2278 manat dəyərində əşya satılmış, cavabdeh əşyanı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. -12 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 20 fevral 2023-cü il tarixli BHR000360 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1568 manat əsas, 235,2 manat cərimə olmaqla cəmi 1803,2 manat borcu vardır. -13 sentyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, müqavilə üzrə borcun üç gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -16 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli BHR000360 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2278 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X3 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2 cavabdehə qarşı olan 2278 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı cavabdehdən 1568 manat əsas, 235,2 manat cərimə, 39 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 1568 manat əsas borcun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 235,2 manat cərimə məbləği alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 235,2 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 157 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1725 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 37,25 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun 1,75 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20 fevral 2023-cü il tarixli BHR000360 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 1568 manat əsas borc, 157 manat cərimə, 37,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1762,65 manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 fevral 2023-cü il tarixli BHR000360 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 1568 manat əsas borc, 157 manat cərimə, 37,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1762 (bir min yeddi yüz altmış iki) manat 65 (altmış beş) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Dövlət rüsumunun 1,75 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar