Məhkəmə qərarları › İş №e-2(037)-1374/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1374/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1374/2024 01.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 4 ədəd Papellon-Divar kağızı, volna qapı üçün 256,78 manat ödənilməmiş hissə, 25,22 manat cərimə və 19 aprel 2022-ci il tarixli müqaviləyə əsasən Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyası, Bosch markalı aspırator üçün 132,68 manat ödənilməmiş hissə, 13,32 manat cərimə, ümumilikdə 428 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 674,28 manat (18 ay + 37,46 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd Papellon-Divar kağızı, volna qapı almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 19 aprel 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 2089,92 manat (24 ay + 87,08 manat + 0 manat ilkin ödəniş) olan Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyası, Bosch markalı aspırator almışdır. Cavabdeh 19 aprel 2022-ci il tarixli müqaviləyə əsasən Şəbəkə yumşaq-küncsağ-uzun mebel əşyasından 25 may 2022-ci il tarixdə imtina etmiş və məhsul 1800 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 2374,74 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 02 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 09 aprel 2022-ci il tarixli 09531197 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 37,46 manat olmaqla cəmi 674,28 manat dəyərində 4 ədəd Papellon-Divar kağızı, volna qapı satılmışdır. - 19 aprel 2022-ci il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə hər ay 87,08 manat olmaqla cəmi 2089,92 manat dəyərində Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyası, Bosch markalı aspırator satılmışdır. - 05 iyun 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 29 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 09 aprel 2022-ci il tarixli müqavilə üzrə 674,28 manat borc məbləğindən 417,5 manat ödəniş etmiş, 256,78 manat ödənilməmiş hissə, 25,22 manat cərimə, 19 aprel 2022-ci il tarixli müqavilə üzrə 2089,92 manat borc məbləğindən 157,24+1800 (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət) manat ödəniş etmiş, 132,68 manat ödənilməmiş hissə, 13,32 manat cərimə - hər iki müqavilə üzrə cəmi 428 manat borcu qalmışdır. - 04 sentyabr 2024-cü il tarixli 64979908 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 09 aprel 2022-ci il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 37,46 manat ödəmək şərti ilə cəmi 674,28 manat dəyərində 4 ədəd Papellon-Divar kağızı, volna qapı, 19 aprel 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 87,08 manat ödəmək şərti ilə cəmi 2089,92 manat dəyərində Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyası, Bosch markalı aspırator satılmışdır. Cavabdeh 19 aprel 2022-ci il tarixli müqaviləyə əsasən Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyasından 25 may 2022-ci il tarixdə imtina etmiş və məhsul 1800 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 2374,74 manat ödəniş etmişdir. Cavabdehin 09 aprel 2022-ci il tarixli müqavilə üzrə 256,78 manat borcu qalmış, həmin borca 25,22 manat cərimə, 19 aprel 2022-ci il tarixli müqavilə üzrə 132,68 manat borcu qalmış, həmin borca 13,32 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 428 manat borcu yaranmışdır. İddiaçı cəmi 428 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 09 aprel 2022ci il tarixli müqaviləyə əsasən 4 ədəd Papellon-Divar kağızı, volna qapı üçün 256,78 manat ödənilməmiş hissə, 25,22 manat cərimə, 19 aprel 2022-ci il tarixli müqaviləyə əsasən Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyası, Bosch markalı aspırator üçün 132,68 manat ödənilməmiş hissə, 13,32 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 458 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 09 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 4 ədəd Papellon-Divar kağızı, volna qapı üçün 256,78 manat ödənilməmiş hissə, 25,22 manat cərimə, 19 aprel 2022-ci il tarixli müqaviləyə əsasən Şəbəkə yumşaq-künc-sağ-uzun mebel əşyası, Bosch markalı aspırator üçün 132,68 manat ödənilməmiş hissə, 13,32 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 458 (dörd yüz əlli səkkiz) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar