Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1440/2025 14.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin azaldılması və borcun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********00050 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması, 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq **********00050 nömrəli abonent koduna vurulmuş 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 sentyabr 2023-cü il tarixdə Cavabdeh”nin nümayəndələrinin iştirakı ilə yaşadığı İsmayıllı şəhəri Təbriz küçəsi ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə həmin tarixdə “Təbii X2nın pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 24 sentyabr 2023-cü il tarixli tələbnamdə göstərilmişdir ki, qaz işlədicilərindən qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatının 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası 4x12x360=17280 kub metr üçün 2073,6 manat dəymiş ziyan hesablanmışdır. Fərdi yaşayış evində o və ailəsindən başqa heç bir şəxs yaşamır. Evdə “dörd göz” adlanan PQ-3 markalı qaz plitəsi, 1 ədəd axınlı su qızdırıcısı və 1 ədəd İran peçi olmuşdur. Sayğacdan kənar əlavə qaz xəttinə qoşulmalar olmadığı halda cavabdeh onu 2073,6 məbləğində cərimə etmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab edir. Belə ki, qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən ailə üzvlərindən heç kəs orada olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. İsmayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi kənar xətt qoşulmasını aşkar etməmişdir. Bilə-bilə və qazdan istifadə etdiyi halda, evdən kənarda ağzı bağlı olan borunu görüb guya sayğacdan kənar qaz xətti qoşulduğu görüntüsünü yaratmış, daha sonra orada video çəkilişi aparmış və akt tərtib edərək onu yüksək məbləğdə cərimə etmişlər. Halbuki o sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və X2nın pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, istifadədə olan qaz sayğacı fərdi yaşayış evinin qonşuluğunda olmuş sahədə əvvəllər mövcud olmuş qaz xətti olmuşdur. O sayğacdan kənar heç bir qaz xəttinə qoşulmamışdır. Cavabdeh bu faktı aşkar etdikdən sonra 19 sentyabr 2023-ci il tarixli ******* nömrəli akt əsasında **********00050 nömrəli abonent koduna 2073,6 manat cərimə hesablamışdır. Cavabdeh tərəfindən guya aşkar edilmiş həmin xəttə görə aktda göstərilənlər və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır və həddən artıq şişirdilmişdir. Aşkarlanan sayğacdan kənar qoşulma olmamışdır. Fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə hesablanmış cərimə tam qanunsuzdur. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Lakin əvvəllər bu kimi hallar baş verməmişdir. Bundan başqa 24 yanvar 2024-cü il tarixdə Cavabdeh nümayəndələrinin iştirakı ilə yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan Zenner G-4T Smart tipli qaz sayğacına baxış keçirilmiş, qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyini, hesablama mexanizminin işləmədiyini və keçən qazın sərfini qeyd etmədiyini əsas gətirərək 19 yanvar 2024-cü il tarixdə ******* nömrəli akt tərtib edilərək 6x12x90=6480 kub metr yəni 777,6 manat dəymiş ziyan hesablayaraq cərimə olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi qazın həcmini qeydə alınmaması barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. Sayğacda hər hansı zədənin olması, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi onun günahı deyil. Əgər sayğacda hər hansı bir nasazlığ olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Hesab edir ki, sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmədiyindən təbii X2nın pozulması haqqında xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı və xx.xx.2024-cü il tarixdə tərtib olunmuş ******* saylı aktlar əsasında hesablanmış və abonent hesabına işlənmış ümumilikdə 2851,2 manat məbləğdə dəymiş ziyanın hesablanması tam qanunsuzdur və ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5.3-cü bəndinin tələblərinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylacısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydalarının 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlaçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Lakin Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında 19 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktda istehlakçı kimi ona məxsus fərdi yaşayış sahəsində qaz işlədici avadanlıqlar mövcud olmuşdur. Fərdi yaşayış evində 1 (bir) ədəd qaz plitəsi PQ-3, 1 (bir) ədəd axınlı su qızdırıcı və 1 ədəd İran peçi qeydə alınmışdır. Qeydə alınmış 1 (bir) ədəd qaz plitəsi PQ-3-ün müəyyən olunmuş normativə əsasən saatlıq qaz sərfiyyatı 0,9 kub metr, 1 (bir) ədəd axınlı su qızdırıcı saatlıq qazsərfiyyatı isə 2,2 kub metr və 1 ədəd İran peçi 1,6 kub metr müəyyən olunmuşdur. Belə olan halda cəmi 1 ədəd PQ-3 adlandırılan avadanlıqda 0.9 kub metr + 1 ədəd axınlı su qızdırıcı 2.2 kub metr və 1 ədəd İran peçi 1.6 kub metr qaz sərfiyatı cəmi = 4.7 kub metr saat hesabı ilə qaz sərf olunur. Lakin tərtib olunmuş tələbnamədə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 4 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, təbii X2nın pozulması haqqında 10 yanvar 2024-cü il tarixli ******* nömrəli aktda qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 6 kub metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin sayğacdan kənar qaz xəttinə hər hansı bir qoşulma və kənar müdaxilə olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir.Həmin qaydalara görə -1 (bir) ədəd PQ-3 adlanan “dörd göz”qaz pilətəsi qaz sərfiyyatı 0.9 kubmetr 1 (ədəd) axınlı su qızdırıcısı 2.2 kubmetr və 1 (bir) ədəd İran peçi 1.6 kubmetr qaz sərf edır. Lakin nəzərə almaq lazımdır ki, son 10 ildə ölkə üzrə isti hava şəraiti hökm sürür. Belə olan halda hətta evdə daimi qazdan istifadə etsə belə 2073,6 manat məbləğdə qaz sərfiyyati olması inandırıcı deyil. Digər tərtib olunmuş aktda guya qaz sayğacının çıxış plastması borusu kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd etmədiyini əsas gətirərək 19 yanvar 2024-cü il tarixdə ******* nömrəli aktda 6x12x90=6480 kub metr yəni 777,6 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən 2851,2 manat yüksək cərimə məbləği hesablanaraq abonent koduna işlənmişdir. Buna görə də hesab edir ki, qanunsuz olaraq qaz xəttinə qoşulma halları olmamış və qaz sayğacının çıxış plastması borusu kənar təsir nəticəsində deşilməsi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd edilməməsi haqda hər hansı bir məlumatı olmamış və qanunsuz olaraq təbii qazdan ümumiyyətlə istifadə etməmişdir. Qeyd etdiklərinə əsasən Cavabdeh tərəfindən **********00050 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması, 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq **********00050 nömrəli abonent koduna vurulmuş 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılması və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçı iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, onun tərəfindən qaz xəttinə bir gün də olsa qoşulma olmamışdır. Qoşulmanın kimin tərəfindən aparıldığı da ona məlum deyildir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 19 sentyabr 2023-cü il tarixində Cavabdeh İSQNŞ-nin əməkdaşları İsmayıllı şəhəri Təbriz küçəsi ev 20 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edildiyini aşkar etmiş, bununla bağlı 19 sentyabr 2023-cü il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. 19 sentyabr 2023-cü il tarixli ******* nömrəli ”Təbii X2nın pozulması haqqında” akta əsasən 24 sentyabr 2023-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00050 nömrəli abonent koduna 17280 m3 itirilmiş təbii qazın dəyəri olan 2073,6 manat məbləği hesablanaraq vurulmuşdur. Bundan başqa 19 yanvar 2024-cü il tarixində Cavabdeh İSQNŞ-nin əməkdaşları İsmayıllı şəhəri Təbriz küçəsi ev 20 ünvanında yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına vizual baxış keçirilən zaman mənzilə quraşdırılmış qaz sayağacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyini aşkar etmişlər. Bununla bağlı 19 yanvar 2024-cü il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Həmin akta əsasən Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 22 yanvar 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00050 nömrəli abonent koduna 6480 m3 itirilmiş təbii qazın dəyəri olan 777,6 manat məbləği hesablanaraq vurulmuşdur. İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00050 nömrəli abonent koduna hesablanaraq vurulmuş məbləğlər təbii qazdan qeyri-qanuni istifadə nəticəsində qeydə alınmayan itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə halları aşkarlanan zaman mobil telefon vasitəsi ilə çəkilişlər aparılmışdır. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli X2 haqqında Qərarın 6.5.3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Hazırkı iş üzrə də hesabatlar bu qaydaya əsasən aparılmışdır. Ona görə də iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, hər iki hal üzrə qanunsuz təbii qazdan istifadə hallarına dair telefonla video çəkilişlər mövcuddur. 19 sentyabr 2023-cü il tarixdə sayğacdan kənar əlavə qaz xətti aşkar edilmişdir. Həmin vaxt 2073,6 manat dəyərində borc olması barədə abonentə bildiriş verilmişdir. Bundan bir müddət sonra 19 yanvar 2024-cü il tarixdə sayğaca vizual baxış keçirilib. Sayğac həyət qapısından çöldə yerləşdirilmişdir. Sayğac açıldıqdan sonra müdaxilə olunduğu məlum olmuşdur. Sayğac video çəkilişlə açılıb, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi açıq-aşkar göründüyündən laboratoriyaya göndərilməmişdir. Bu barədə ******* nömrəli akt tərtib olunmuş, abonent aktı imzalamışdır. Həmin məbləğlər real təbii qazın dəyəridir. Hər iki iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş - Cavabdeh İB-nin “Təbii X2nın pozulması haqqında” 19 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin evinə baxış zamanı abonentin küçə xəttinin yeraltı qapı keçidi hissəsində sayğacdan kənar rezin boru vasitəsilə xətt çəkərək həyətinin içərisində daxili qaz xəttinə birləşdirmək üçün şərait yaratmış və təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi tələb olumuşdur. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. - Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 24 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. -Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 19 yanvar 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı şəhəri Təbriz küçəsində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmış, abonentin mənzilində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. - Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə fərdi evdə “X2”nın tələblərinə zidd olaraq sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçın qazın sərfini qeyd etmədiyi müəyyən edilmişdir. - 28 noyabr 2025-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********00050 nömrəli abonent koduna 2023-cü ilin sentyabr ayının sonuna 17280 m3 təbii qazın dəyəri 2073,6 manat, 2024-cü ilin yanvar ayının sonuna 6480 m3 təbii qazın dəyəri 777,6 manat akt üzrə borc vurulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 19 sentyabr 2023-cü il tarixli iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan bu barədə “Təbii X2nın pozulması haqqında” 19 sentyabr 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. İddiaçı aktı imzalamaqdan imtina etmiş və qoşulmanın onun tərəfindən aparılmadığını göstərmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş, həmin şöbənin rəisi tərəfindən təsdiq edilmiş 24 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu əsas gətirilərək xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Bundan başqa 19 yanvar 2024-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmış, sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış 1602AZ**********75 nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 19 yanvar 2024-cü il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi yaşayış evində “X2”nın tələblərinə zidd olaraq sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, hesablama mexanizminin işləmədiyi və keçən qazın sərfini qeyd etmədiyi müəyyən edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6480 kub metr müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən Cavabdeh tərəfindən **********00050 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması, 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq **********00050 nömrəli abonent koduna vurulmuş 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatında fərdi yaşayış evində təbii qazdan qanunsuz xətt vasitəsilə bir gün də istifadə etmədiyini göstərsə də iddia tələbində abonent koduna əsassız olaraq borc kimi yazılmış cərimə məbləğinin qanuna uyğun şəkildə azaldılaraq hesablanmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, qanunsuz qoşulma iddiaçı tərəfindən deyil, digər şəxs (şəxslər) tərəfindən aparılması və bu halın iddiaçının mənafeinə xidmət etməsi dolayısıyla qaz xəttindən qanunsuz istifadə kimi qiymətləndirlməklə, bu halın dolayısı ilə iddiaçı tərəfindən də etiraf kimi qəbul edilir. Eyni zamanda məhkəmə iclasında iddiaçı qaz xəttinə qanunsuz qoşulmanı inkar etməsə də özü tərəfindən qoşulmadığını bildirmişdir. Ona görə də iddiaçının fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır (4x12x30=1440 m3). Məhkəmə qeyd edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçının qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 17280 m3 miqdarında, yəni 2073,6 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, iddiaçının 2023-cü ilin sentyabr ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da Azəriqaz İB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2073,6 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış 1602AZ**********75 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının qaz sayğacına müdaxilə etməsinin sübutu kimi təqdim edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, qaz istismar idarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı açılarkən sayğacda olan plomb həmin əməkdaşlar tərəfindən kəsilir. Sayğacın plombu yerində olmadığı təqdirdə əməkdaşlar ilk növbədə bu nöqsanı qeyd etməklə sonrakı hərəkətləri etməli idilər. Sayğacda plomb olduğu halda isə ona müdaxilə olunmasını məhkəmə mümkün hesab etmir və bu halın əksi barədə də cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. . Bundan başqa qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 6480 kub metr miqdarında, yəni 777,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması və qaz sayğacına müdaxilə etməsi ilə bağlı tərtib olunmuş aktları inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsinə dair sübut təqdim etməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib olunmuş 19 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 2073,6 manat cərimə məbləği azaldılaraq 172,8 manat müəyyən edilməli (4 x 12 x 30 = 1440 m3 x 12 = 172,8 manat), Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qazın dəyəri 777,6 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 172,8 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 24 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00050 nömrəli abonent koduna vurulmuş 17280 m3 təbii qazın dəyəri 2073,6 manat cərimə məbləği azaldılaraq 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik müəyyən edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00050 nömrəli abonent koduna vurulmuş 6480 m3 təbii qazın dəyəri 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc məbləği silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1440/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1440/2025
14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver