Məhkəmə qərarları › İş №e-2(037)-1489/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1489/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1489/2025 20.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 23 mart 2022-ci il tarixli İSMK04526 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 218,99 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 23 mart 2022-ci il tarixli İSMK04526 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1343,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X1 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1343,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqısatqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Cavabdehin bu günə 218,99 manat əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. İddiaçı cavabdehdən 218,99 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 oktyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 28 fevral 2019-cu il tarixli R-16/19 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən “Faktor” “Borclu” barəsində “Müştəri”nin “Borclu”ya malların satılmasından irəli gələn pul tələbinin hesabına “Müştəri”yə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), “Müştəri” isə “Borclu”ya qarşı tələbini “Faktor”a güzəşt edir. - 23 mart 2022-ci il tarixli İSMK04526 saylı Nisyə Alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 1343,99 manat dəyərində 1 ədəd Bosch markalı soyuducu satılmış, cavabdeh əşyanı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 18 ay müddətində hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür. - 23 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 23 mart 2022-ci il tarixli İSMK04526 saylı Nisyə Alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan 1343,99 manat dəyərində 1 ədəd Bosch markalı soyuducu alıcıya təhvil verilmişdir - 05 aprel 2022-ci il taixli R-xx/xx-0194 nömrəli sazişdən müəyyən olunur ki, "xxxx" MMC-nin 23 mart 2022-ci il tarixli İSMK04526 saylı müqavilə üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - 06 oktyabr 2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh İSMK04526 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə müxtəlif vaxtlarda cəmi 1045 manat ödəniş etmiş, 218,99 manat əsas borcu vardır. - 06 oktyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 23 mart 2022-ci il tarixli İSMK04526 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 06 oktyabr 2025-ci il tarixə 218,99 manat əsas borcu vardır. - 07 oktyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 23 mart 2022-ci il tarixli İSMK04526 saylı müqavilə üzrə yaranmış borcun 10 oktyabr 2025-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 14 oktyabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 23 mart 2022-ci il tarixli İSMK04526 saylı nisyə alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən cavabdehə 1343,99 manat dəyərində əşya satılmış, cavabdeh əşyanı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 18 ay müddətində hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanan 28 fevral 2019-cu il tarixli R-16/19 nömrəli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan 05 aprel 2022-ci il taixli R-xx/xx-0194 nömrəli sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 1343,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı cavabdehdən 218,99 manat əsas, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1343,99.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 23 mart 2022ci il tarixli İSMK04526 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 218,99 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 249,39 manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 23 mart 2022-ci il tarixli İSMK04526 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 218,99 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 249 (iki yüz qırx doqquz) manat 39 (otuz doqquz) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar