Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1590/2025 18.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 1500 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1535 manat borcun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 noyabr 2021ci il tarixli SN nömrəli avtomobil icarə müqaviləsi bağlanılmışdır. Nəqliyyat vasitəsi cavabdehə icarəyə verilmiş və ondan faktiki istifadə olunmuş, lakin yaranmış icarə borcu bu günədək ödənilməmişdir. Bu baxımdan cavabdehin ödənişi həyata keçirməməsi onun icarə müqaviləsi üzrə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Həmin müqaviləyə əsasən cavabdehin 1500 manat əsas borcu yaranmışdır. Müqavilədə qanunla başqa hal nəzərdə tutulmadığından, cavabdeh icarə haqqının ödənilməsinə dair öhdəliyin icra olunmamasına birbaşa vətam həcmdə məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə öhdəliyin vaxtında yerinə yetirilməməsi, lazımınca icra olunmaması və məzmunla müəyyən edilmiş digər şərtlərin pozulması başa düşüldüyündən, cavabdehin davranışı məhz öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini pozaraq bu günədək icarə haqqını ödəmir. İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 1500 manat əsas borcun və 35 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 20 noyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Avtomobil icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən ** RY *** dövlət nömrə nişanlı Kia Forte markalı avtomobil gündəlik 55 manat icarə haqqı ödəməklə cavabdehə verilmişdir. - 11 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsi üçün yol vərəqəsinin surətindən görünür ki, iddiaçı tərəfindən ** RY *** dövlət nömrə nişanlı Kia Forte markalı avtomobil 11 avqust 2021-ci il tarixdən cavabdehə təhvil verilmişdir. Yol vərəqəsi 11 sentyabr 2021-ci il tarixədək etibarlıdır. - 20 oktyabr 2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən ** RY *** dövlət nömrə nişanlı Kia Forte markalı avtomobilə görə yaranmış 1500 manat icarə haqqının üç gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə yaranmış borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Maliyyə cədvəlindən görünür ki, ** RY *** dövlət nömrə nişanlı Kia Forte markalı avtomobilin 75 gün icarə müddəti ərzində 4125 manat yekun icarə haqqından 2625 manat ödənilmiş, 1500 manat ödənilməmiş qalmışdır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu (18 noyabr 2025-ci il tarixli **********43 nömrəli) ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında avtomobil icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən 75 gün müddətində gündəlik 55 manat icarə haqqı olmaqla ** RY *** dövlət nömrə nişanlı Kia Forte markalı avtomobil cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, 1500 manat ödənilməmiş borcu qalmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı cavabdehdən 1500 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1535 manat borcun ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digərəsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1.-ci maddəsinə əsasən “İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.” Həmin Məcəllənin 700.2.-ci maddəsinə əsasən “İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlarvə müəssisələr ola bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1500 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1535 manat məbləği alınaraq iddiaçının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1590/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1590/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver