Məhkəmə qərarları › İş №e-2(037)-160/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-160/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-160/2023 09.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 09 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1354,97 manat pul və 33,54 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 08 dekabr 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın məlum olmadığı, cavabdehə ünvanlanmış məhkəmə sənədinin mümkün olduğu təqdirdə cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 dekabr 2021-ci il tarixli PAZ********** nömrəli şəhadətnamə üzrə "xxxx" ASC-də mülki məsuliyyəti icbari sığorta olunmuş, cavabdehin idarə etdiyi “VAZ 2106” minik markalı ** TM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində Qaraməryəm- İsmayıllı-Şəki yolunun 25 km ərazisində “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə ilə bağlı İsmayıllı rayonu DYPİ X1 iş üzrə araşdırma aparılmış, hadisəni törədən cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsi ilə 10 fevral 2022-ci il tarixli protokol yazılmışdır. “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1354,97 manat məbləğində sığorta ödənişi verilmişdir. Ona görə də iddiaçı cavabdehdən “MİTSUBİSHİ L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1354,97 manat pul və 33,54 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsini barədə qətnamə qəbul edilməsi xahiş edir. 10 fevral 2022-ci il tarixli İXP ******* nömrəli X1 protokolun və həmin protokola əlavə edilmiş digər sənədlərin surətlərindən müəyyən edilir ki, 10 fevral 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İsmayıllı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 3(037)-89 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. 01 aprel 2022-ci il tarixli AKS220051 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, 10 fevral 2022-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci km-liyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığorta olunmuş “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1354,97 manat ziyan dəymişdir. 20 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, 1354,97 manat sığorta ödənişinin "xxxx" ASC-nin hesabına ödənilməsi "xxxx" ASC-dən tələb olunmuşdur. 09 oktyabr 2022-ci il tarixli CML-2626/2022-AKT2617/22 sığorta aktının surətindən görünür ki, “VAZ 2106” minik markalı ** TM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 01 dekabr 2021-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 18 oktyabr 2022-ci tarixli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 2617/22 saylı akta əsasən "xxxx" ASC-nin hesabına 1354,97 manat sığorta ödənişi köçürülmüşdür. 06 dekabr 2022-ci il tarixli ********** nömrəli rüsum qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 33,54 manat dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 10 fevral 2022-ci il tarixdə idarə etdiyi “VAZ 2106” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq “Mitsubishi L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş 10 fevral 2022-ci il tarixli X1 protokolla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ü maddəsi ilə təqsirli bilinərək İsmayıllı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 3(037)-89 nömrəli qərarı ilə 400 manat məbləğində inzibati cərimə edilmişdir. 06 yanvar 2022-ci il tarixli avtonəqliyyat vasitələrinin texniki ekspertizasına uyğun olaraq “MİTSUBİSHİ L200” markalı ** AV *** d.q.n-lı nəqliyyat vasitəsinə 1354,97 manat zərər dəydiyi müəyyən olunmuşdur. Avtomobil sığortalı olduğundan həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən həyata keçirmişdir. İddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə ödənilmiş sığorta ödənişini tələb etmək hüququ sığortaçıya keçmişdir. İddiaçı cavabdehdən 1354,97 manat pul və 33,54 manat məbləğinin alınmasını tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Cavabdeh barəsində tərtib olunmuş 10 fevral 2022-ci il tarixli X1 protokol və İsmayıllı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 3(037)-89 nömrəli qərarı ilə yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyindən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “MİTSUBİSHİ L200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi iddiaçı tərəfindən ödənilmiş 1354,97 manat sığorta məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən 33,54 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 1354,97 manat və ödənilmiş 33,54 manat dövlət rüsumu, cəmi 1388 (bir min üç yüz səksən səkkiz) manat 51 (əlli bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar