Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-169/2024 18.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə 18 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 19 dekabr 2022-ci il tarixli ********* saylı nisyə alqısatqı müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixinə yaranmış 1523,6 manat əsas borc, 228,5 manat cərimə olmaqla, cəmi 1752,1 manat borcun və 37,52 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 dekabr 2022ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı televizor və 2 ədəd “Borofone” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 109 manat olmaqla, cəmi 1959,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtini pozaraq 05 oktyabr 2023-cü il tarixdə 85 manat ödəniş etmiş və qalıq qalmış 1523,6 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2285 manat təşkil edir. Hesablanmış cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i – yəni 228,5 manat cavabdehdən tələb olunur. Cavabdehin 14 noyabr 2023-cü il tarixədək iddiaçıya 1523,6 manat əsas, 228,5 manat cərimə borcu vardır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı cavabdehdən həmin borcu və 37,52 manat ödənilmiş dövlət rüsumunu tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 19 dekabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -19 dekabr 2022-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 109 manat olmaqla cəmi 1959,97 manat dəyərində “Samsung” markalı televizor və 2 ədəd “Borofone” markalı qulaqcıq satılmışdır. - Xəbərdarlıqdan görünür ki, cavabdehdən 19 dekabr 2022-ci il tarixli müqavilə üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -14 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 19 dekabr 2022-ci il tarixli müqavilə üzrə 1959,9 manat borc məbləğindən 436,3 manat ödəniş etmiş, 1523,6 manat ödənilməmiş hissə, 2285 manat cərimə olmaqla, cəmi 3808,60 manat borcu qalmışdır. -30 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37,52 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 109 manat ödəməklə cəmi 1959,97 manat dəyərində “Samsung” markalı televizor və 2 ədəd “Borofone” markalı qulaqcıq satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 436,3 manat ödəniş etmişdir. Cavabdehin 19 dekabr 2022-ci il tarixli müqavilə üzrə 1523,6 manat borcu ödənilməmiş qalmış, həmin borca 228,5 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən cəmi 1523,6 manat borcu, 228,5 manat hesablanmış cərmənin və ödənilmiş 37,52 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin 14 noyabr 2023-cü il tarixə iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 19 dekabr 2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1523,6 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 228,5 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 153 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1676,6 manatdır. Ona görə də cavabdehdən həmin məbləğə uyğun olaraq 36,77 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 37,52 manat məbləğində dövlət rüsumunun 0,75 manatı hissəsi isə iddiaçının özünə aid edilməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19 dekabr 2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1523,6 manat əsas borc, 153 manat cərimə və 36,77 manat dövlət rüsumu, cəmi 1713 (bir min yeddi yüz on üç) manat 37 (otuz yeddi) qəpik iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1523,6 manat əsas borc, 153 manat cərimə və 36,77 manat dövlət rüsumu, cəmi 1713 (bir min yeddi yüz on üç) manat 37 (otuz yeddi) qəpik alınaraq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 37,52 manat məbləğində dövlət rüsumunun 0,75 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-169/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-169/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver