Məhkəmə qərarları › İş №e-2(037)-189/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-189/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-189/2025 04.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Chevrolet Aveo” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili 27 iyul 2023-cü il tarixində Bakı şəhəri, Azneft dairəsi ərazisində idarə edərkən iddiaçı tərəfindən MVC-B 00353-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 manat azadolma məbləği nəzərə alınaraq 8907,9 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbilə bağlı 4750 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4157,9 manat məbləğ isə cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən 21 oktyabr 2024-cü il tarixli G-01-M-0404-2024 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 5 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehdən 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdehə dəymiş zərərin ödənilməsilə bağlı 28 dekabr 2023-cü il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh heç bir münasibət bildirməmişdir. 21 oktyabr 2024-cü il tarixdə yenidən xəbərdarlıq olunmuş, lakin cavabdeh etinasızlıq edərək sığorta şirkəti ilə əlaqə saxlamamışdır. Cavabdeh dəymiş ziyanı əvvəl ödəmək istəsə də sonradan ödəməkdən imtina etmişdir. Cavabdehin ünvanına gönədilmiş məktublar ona çatmasaydı sığorta şirkətinə qaytarılardı. Ona ünvanlanmış məktublar geri qaytarılmamış, bu da onu təsdiq edir ki, cavabdeh iddia tələbindən məlumatlı olmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyi bildirdi və izahat verərək göstərdi ki, o “İİ Qarabağ” Müharibəsində iştirak edərək yaralanmış və qazidir. Hazırda müalicə alır. 27 iyul 2023-cü il tarixdə Bakı şəhəri Azneft dairəsi ərazisində idarə etdiyi avtomobillə digər avtomobil toqquşmuşdur. Hadisə vaxtı bütün sənədlər dövlət yol polisinə təqdim olunmuşdur. Həmin vaxt zərərçəkənlə aralarında mübahisə olmamış və zərərçəkən avtomobilinin sığorta şirkəti tərəfindən düzəldiləcəyini bildirmişdir. Hadisənin üstündən 1 ildən çox vaxt keçdikdən sonra sığorta şirkəti ona zəng vuraraq bildirmişdir ki, avtomobilin hissələri qiymətləndirilib, təmir olunub, 9000 manat xərci var. Sığorta şirkəti 5000 manatını ödəyib, qalan hissəsini isə o ödəməlidir. O avtomobilin hissələrinin qiymətləndirilməsindən narazıdır. İstər sığorta şirkəti, istərsə də avtomobili təmir edən servis tərəfindən avtomobilin təmiri ilə bağlı məlumatlandırılmamış və o bu işlərdə iştirak etməmişdir. Zərəçəkənin avtomobilinə dəymiş ziyandan məlumatlı olsa da hesablanmış məbləğlə razı deyildir. Özü bu hadisə ilə bağlı sığorta şirkətinə müraciət etməmiş və məlumat verməmişdir. Vətən Müharibəsi əlili kimi ayda 80 manat müavinət alır, digər gəlirləri isə yoxdur. Göstərdiklərini nəzərə alaraq ona kömək olunmasını və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 13 iyun 2022-ci il tarixli MVC-B 00353-22 nömrəli sığorta şəhadətnaməsi müqaviləsinin surətindən görünür ki, “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 13 iyun 2022-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır. - TP ******* nömrəli 27 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. - 31 iyul 2023-cü il tarixli MVC-0403/23 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə qəza nəticəsində cəmi 9157,9 manat məbləğində zərər dəymişdir. - 30 dekabr 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 27 iyul 2023-cü il tarixdə Bakı şəhəri Azneft dairəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9157,9 manat zərərin 250 manat hissəsi şərtsiz azad olunmuş, yekun olaraq 8907,9 manat sığorta ödənişi olunmuşdur. - 11 mart 2024-cü il tarixli #001XOH********** nömrəli ödəniş aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC-nin hesabına 4750 manat ödəniş olunmuşdur. - 21 oktyabr 2024-cü il tarixli G-01-M-0404-2024 nömrəli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 4157,9 manat məbləğində pul vəsaitinin 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -13 dekabr 2024-cü il tarixli **********90 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 61,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 27 iyul 2023-cü il tarixdə idarə etdiyi “Chevrolet Aveo” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş İXP ******* saylı DYPİ İnzibati Xəta haqqında Protokol və həmin protokol əsasında qəbul olunmuş TP ******* nömrəli 27 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdehin təqsirli olması təqdiq olunmuşdur. 27 iyul 2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə 9157,9 manat ziyan dəydiyi müəyyə edilmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən iddiaçıya 4750 manat sığorta ödənişi ödənilmişdir. Qalan 4157,9 manat məbləğ isə cavabdeh tərəfindən ödənilməlidir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində cavabdehdən 4157,9 manat pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61,6 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddia tələbi üzrə məbləğlə razılaşmır və iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair 27 iyul 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol ilə yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “X4” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9157,9 manat maddi ziyanın ödənilməmiş 4157,9 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 61,6 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu – cəmi 4219 (dörd min iki yüz on doqquz) manat 50 (əlli) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu – cəmi 4219 (dörd min iki yüz on doqquz) manat 50 (əlli) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar