Məhkəmə qərarları › İş №e-2(037)-239/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-239/2024

17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-239/2024 17.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 705,67 manat borcun tutularaq **********000 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 705,67 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdeh 2011-ci ilin noyabr ayında ailə tərkibi 3 nəfər olmaqla İsmayıllı SKSnin əhali bazasına **********000 kodu ilə qeydiyyata düşmüşdür. Abonentə sayğacsız dövr ərzində ailə tərkibi 3 nəfər olmaqla ayda 3x5=15m3 su hesabatı aparılıb. Cavabdehin 2011-2014-cü illər ərzində sudan istifadəyə görə cəmi 136,25 manat borcu yaranmışdır. 2014-cü ilin dekabr ayında suyu olmadığı üçün (yeni lahiyə ilə su xətləri çəkilən zaman) abonentin su hesabatı dayandırılmışdır. Yeni layihə ilə tender təşkilatı “Kolin” tərəfindən cavabdehin fərdi yaşayış evinə 26 noyabr 2015-ci il tarixdə yeni su xətti çəkilmiş və CSS- 15 markalı 15012083 nömrəli sayğac quraşdırılmış və B676017 nömrə ilə plomblanaraq qeydiyyata alınıb abonentin **********000 kodu aktiv edilmişdir. Tərəflər arasında tərtib olunmuş müqaviləni cavabdeh imzalamasa da sudan daima istifadə etmişdir. 12 mart 2019-cu il tarixdə abonentin müraciəti əsasında abonent bazasında çirkaba (kanalizasiya sisteminə) qoşulduğu üçün xidmət növü dəyişdirilərək, su və çirkab su xidməti kimi qeydiyyata alınmışdır. Abonentə ümumilikdə 1978m³ su satılıb və 822 m³ çirkab xidməti göstərilib. Bunun da ümumi dəyəri 869,32 manat təşkil edir. Abonent 2011-ci ilin noyabr ayından bazaya qeydiyyata düşdüyü müddətdən son dövrə qədər 2012-ci il üzrə 2,5 manat, 2016-cı il üzrə 49,5 manat, 2017-ci il üzrə 30 manat və 2020-ci il üzrə 50 manat olmaqla cəmi 4 (dörd) dəfə ödəniş edib. Ancaq 2021-ci il tarixdən etibarən abonentin 136,25 manatı sayğacsız dövrdən qalan, 601,07 manatı isə sayğac göstəricisinə əsasən hesablanan və ödənilməyən qalıq borcu yaranıb ki, buda ümumilikdə 737,32 manat təşkil edir. Cavabdeh su xəttinin ləğv edilməsi ilə bağlı ərizə versə də ona bildirilmişdir ki, su xətti 135 manat qalıq borcu ödədikdən sonra ləğv oluna bilər. Cavabdeh borcu ödəməmişdir. Ərizənin müddəti bir ay olduğundan sonradan su xətti ləğv olunmamış və cavabdeh daimi su ilə təmin olunmuşdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, yaşadığı fərdi yaşayış evinə su xətti çəkilmişdir. Lakin evi su anbarından yüksəklikdə və ən axırıncı nöqtədə olduğundan evə su çox çətin gəldiyindən, bununla bağlı müraciət etmiş, müraciətinə əsasən su idarəsinin rəhbərliyi işçilərə su xəttinin yerinin dəyişdirilməsi barədə tapşırıq versə də su xətti dəyişdirilməmişdir. Sonradan sayğac qurşadılsa da o müaviləni imzalamamışdır. Onun suyu saatlarla gəlməmiş, suyun gəlməyən vaxtı krant açıq olduğundan su gələrək evin zirzəmisinə dolduğu üçün su xəttinin ləğv edilməsi ilə bağlı iddiaçı təşkilata müraciət etmişdir. Lakin müraciətinə baxan olmamış və su xətti ləğv edilməmiş qalmışdır. Ondan tələb olunan 135 manat qalıq borcun isə haradan yarandığını bilmədiyindən borcunu ödəməmişdir. Sudan ailəsi istifadə etmişdir. O evdə olmadığı vaxtlarda su idarəsinin işçiləri ondan xəbərsiz ailəsindən su pulu almışlar. Göstərdiklərini nəzərə alaraq iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş - 12 mart 2019-cu il tarixli 37192199 nömrəli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin surətindən görünür ki, istehlakçının istifadə etdiyi 1 m3 içməli suya görə hesablaşma ƏDV ilə 0,6 manat və istehlakçıdan qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,3 mnat müqabilində aparılması, həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evlərində yaşayan istehlakçılar sayğac olmadıqda təyin olunmuş normadan artıq istifadə olunan suya görə (həyətyanı sahənin suvarılması və s) müəyyən edilmiş qaydada əlavə haqq ödəmələri müəyyənləşdirilmişdir. -21 noyabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 705,67 manat borc məbləğinin yeddi iş günü ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -24 noyabr 2023-cü il tarixli abonent kartından görünür ki, cavabdehin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə 705,67 manat borcu yaranmışdır. -İddia ərizəsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin İddiaçı ASC-yə əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 705,67 manat borcu yaranmış, cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh ona verilmiş sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına bildiriş və xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh 2011-ci ilin noyabr ayında ailə tərkibi 3 nəfər olmaqla İsmayıllı SKS-nin əhali bazasına **********000 kodu ilə qeydiyyata düşmüşdür. Abonentə sayğacsız dövr ərzində ailə tərkibi 3 nəfər olmaqla ayda 3x5=15m3 su hesabatı aparılıb və cavabdehin 2011-2014-cü illər ərzində sudan istifadəyə görə cəmi 136,25 manat borcu yaranmışdır. Cavabdehin fərdi yaşayış evinə 26 noyabr 2015-ci il tarixdə yeni su xətti çəkilmiş və CSS-15 markalı 15012083 nömrəli sayğac quraşdırılmış və B676017 nömrə ilə plomblanaraq qeydiyyata alınıb abonentin **********000 kodu aktiv edilmişdir. Cavabdeh tərəfindən xidmətlərə görə müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Ancaq 2021ci il tarixdən etibarən abonentin 136,25 manatı sayğacsız dövrdən qalan, 601,07 manatı isə sayğac göstəricisinə əsasən hesablanan və ödənilməyən qalıq borcu yaranıb ki, buda ümumilikdə 737,32 manat təşkil edir. İddiaçı cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 705,67 manat borcun tutularaq **********000 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi, cavabdeh isə iddia tələbi üzrə qanuni qərar qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, “Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, “Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, “Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir”. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə cavabdehin su xidmətindən istifadə ilə bağlı müqavilə bağlamadığı və İddiaçı ASC-yə ona verilmiş suyun dayandırması ilə bağlı ərizə ilə müraciət etməsinə münasibət bildirərək qeyd edir ik, cavabdeh İddiaçı ASC ilə müqavilə bağlamasa da ona su xətti verilmiş və sayğac quraşdırılımış, cavabdeh suyun gələməməsi əsası ilə istifadəyə verilmiş suyun dayandırılması barədə müraciət unvanlasa da həmin və ondan sonraki müddətlərdə ona verilmiş sudan istifadə etmiş, hətda istifadə etdiyi suyun ödənişlərini də həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 705,67 manat borc alınaraq **********000 saylı abonent koduna və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 705 (yeddi yüz beş) manat 67 (altmış yeddi) qəpik borc məbləği alınaraq **********000 saylı abonent koduna ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar