Məhkəmə qərarları › İş №e-2(037)-248/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-248/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-248/2025 10.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2452 manat məbləğində vurulmuş zərərin və 44,52 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “MİTSUBİSHİ AİRTREK” markalı **-VB- *** dövlət nömrə nişanlı avtomobil 05 iyun 2020-ci il tarixdən 05 iyun 2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 05 iyun 2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il fevralın 28-də Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “MİTSUBİSHİ AİRTREK” markalı, **- VB-*** dövlət nömrə nişanlı yük avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində “MERCEDES BENZ C200” markalı **-EE-*** dövlət nömrə nişanlı və “VAZ 21070” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində “MERCEDES BENZ C200” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Vasif Bağırov az ağır dərəcəli xəsarətlər almışdır. İsmayıllı Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(037)-53/2021 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, MERCEDES BENZ C200” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Vasif Bağırovun əməllərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətləri, “VAZ 21070” markalı, **-NR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şükür Mustafayevin əməllərində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin əlamətləri olduğundan barələrində inzibati qaydada tənbeh tədbirlərin görülməsi üçün materiallar İsmayıllı DYPŞ-nə gömdərilmişdir. Beləliklə baş vermiş yol-nəqliyyat hadisəsində hər 3 (üç) sürücü məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş aktlara əsasən hadisə nəticəsində “MERCEDES BENZ C220” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobilə 2400 manat və “VAZ 21070” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobillə 456 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 47.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.4-cü maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda 30 faiz nisbətində ödənilir (5000 manat x 30 faiz = 1500 manat). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. İddiaçı tərəfindən 25 yanvar 2022-ci il tarixdə 478 nömrəli ödəniş tapşırığı ilə 1500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X6, 26 yanvar 2022-ci il tarixdə 577 nömrəli ödəniş tapşırığı ilə 800 manat məbləğində (2400 : 3 = 800) sığorta ödənişi zərərçəkmiş şəxs X3 və 07 fevral 2022-ci il tarixdə 1032 nömrəli ödəniş tapşırığı ilə 152 manat məbləğində (456 : 3 = 152) sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödənilmişdir. Ona görə də Cavabdeh 2452 manat məbləğində vurulmuş zərərin və 44,52 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 10 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 05 iyun 2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “MİTSUBİSHİ AİRTREK” markalı **-VB-*** dövlət nömrə nişanlı avtomobil iddiaçı tərəfindən 05 iyun 2020-ci il tarixindən 05 iyun 2021-ci il tarixinə qədər PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. - Məhkəmə-tibbi ekspertizasının 02 mart 2021-ci il tаriхli 58 nömrəli rəyindən görünür ki, Vasif Bağırovun məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin birinci barmağın daraq sümüyünün oynaq başının sınığı, təpə və alın nahiyyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 28 fevral 2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. - 12 yanvar 2022-ci il tarixli 248 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “MERCEDES BENZ C200” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobilə qəzaya uğraması nəticəsində cəmi 2400 manat məbləğində zərər dəymişdir. - 16 may 2022-ci il tarixli 1768 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “VAZ 21070” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobilə qəzaya uğraması nəticəsində cəmi 456 manat məbləğində zərər dəymişdir. - 25 yanvar 2022-ci il tarixli 478 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən X5 hesabına 1500 manat sığorta ödənişi köçürülmüşdür. - 26 yanvar 2022-ci il tarixli 577 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən X4 hesabına 800 manat sığorta ödənişi köçürülmüşdür. - 07 fevral 2022-ci il tarixli 1032 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən X1 hesabına 152 manat sığorta ödənişi köçürülmüşdür. - 10 fevral 2022-ci il tarixli 05/01-266 nömrəli məktubdan görünür ki, Cavabdeh 2452 manat sığorta ödənişi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 09 yanvar 2025-ci il tarixli **********40 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 44,52 manat dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh 28 fevral 2021-ci il tarixdə idarəetmə hüququ olmadan idarə etdiyi “MİTSUBİSHİ AİRTREK” markalı, **-VB-*** dövlət nömrə nişanlı avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində “MERCEDES BENZ C200” markalı **-EE-*** dövlət nömrə nişanlı və “VAZ 21070” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(037)-53/2021 nömrəli hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobilin qiymətləndirilməsinə dair aktlara uyğun olaraq “MERCEDES BENZ C200” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobilə qəzaya uğraması nəticəsində cəmi 2400 manat və “VAZ 21070” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobilə qəzaya uğraması nəticəsində cəmi 456 manat məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən 2452 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı zərərçəkənlərə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə ödənilmiş sığorta ödənişini tələb etmək hüququ sığortaçıya keçmişdir. İddiaçı cavabdehdən dəymiş zərərlə bağlı 2452 manat pul və 44,52 manat məbləğinin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq 2452 manat məbləği "xxxx" ASC tərəfindən zərər dəymiş avtomobillərin təmiri üçün ödənildiyindən, iddiaçının “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddələrinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2452 manat pul məbləği iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən 44,52 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2452 manat vurulmuş zərər və 44,52 manat dövlət rüsumu olmaqla, cəmi 2496 (iki min doxsan altı) manat 52 (əlli iki) qəpik məbləğ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar