Məhkəmə qərarları › İş №e-2(037)-266/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-266/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-266/2025 17.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********85086 olan Xıaomı Redmi 12 markalı telefon üçün 244,4 manat ödənilməmiş hissə, 73,32 manat cərimə və 20 aprel 2024-cü il tarixli müqaviləyə əsasən Xıaomı watch S1 markalı qol saatı üçün 427,6 manat ödənilməmiş hissə, 128,28 manat cərimə, ümumilikdə 873,6 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 778,14 manat (18 ay + 43,23 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********85086 olan Xıaomı Redmi 12 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 20 aprel 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 488,52 manat (18 ay + 27,14 manat + 0 manat ilkin ödəniş) olan Xıaomı watch S1 markalı qol saatı almışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 594,66 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 15 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 02 oktyabr 2023-cü il tarixli 04025336 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 43,23 manat olmaqla cəmi 778,14 manat dəyərində İmei kodu **********85086 olan Xıaomı Redmi 12 markalı telefon satılmışdır. - 20 aprel 2024-cü il tarixli 09645183 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 27,14 manat olmaqla cəmi 488,52 manat dəyərində Xıaomı watch S1 markalı qol saatı satılmışdır. - 03 yanvar 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 08 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 02 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 778,14 manat borc məbləğindən 533,74 manat ödəniş etmiş, 244,4 manat ödənilməmiş hissə, 73,32 manat cərimə, 20 aprel 2024-cü il tarixli müqavilə üzrə 488,52 manat borc məbləğindən 60,92 manat ödəniş etmiş, 427,6 manat ödənilməmiş hissə, 128,28 manat cərimə - hər iki müqavilə üzrə cəmi 873,6 manat borcu qalmışdır. - 09 yanvar 2025-ci il tarixli 71872479 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 43,23 manat ödəmək şərti ilə cəmi 778,14 manat dəyərində İmei kodu **********85086 olan Xıaomı Redmi 12 markalı telefon, 20 aprel 2024cü il tarixli 09645183 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 27,14 manat ödəmək şərti ilə cəmi 488,52 manat dəyərində Xıaomı watch S1 markalı qol saatı satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 594,66 manat ödəniş etmişdir. Cavabdehin 02 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 244,4 manat borcu qalmış, həmin borca 73,32 manat cərimə, 20 aprel 2024-cü il tarixli müqavilə üzrə 427,6 manat borcu qalmış, həmin borca 128,28 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 873,6 manat borcu yaranmışdır. İddiaçı cəmi 873,6 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 02 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 244,4 manat və 20 aprel 2024-cü il tarixli müqavilə üzrə 427,6 manat əsas borcun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbinə əsasən cavabdehdən 02 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 73,32 manat və 20 aprel 2024-cü il tarixli müqavilə üzrə 128,28 manat cərimə məbləği alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 73,32 manat və 128,28 manat cərimə məbləğlərinin tutulmasına dair hissələri qismən – müvafiq olaraq 25 manat və 43 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********85086 olan Xıaomı Redmi 12 markalı telefon üçün 244,4 manat ödənilməmiş hissə, 25 manat cərimə, 20 aprel 2024-cü il tarixli müqaviləyə əsasən Xıaomı watch S1 markalı qol saatı üçün 427,6 manat ödənilməmiş hissə, 43 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar