Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-27/2022 16.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki işə 16 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı müəssisə tələbini belə əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 390.06.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X11 İdarəsi tərəfindən 04.03.2021-ci il tarixli 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək Tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.Cavabdeh isə işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mərhum atası X5 İsmayıllı rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mətəbəli,4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin dövrdə də onların maddi imkanları olmadığından sözügedən evi onlara dövlət tikib vermişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X9, bacıları X7, X10 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin yaşayış evi tikildikdən sonra dəfələrlə evlərindən qaz xəttinin keçməsi ilə bağlı qaz idarəsinə və icra hakimiyyətinə müraciət etsələr də heç bir tədbir görülməmişdir. Hazırda həmin evdə 9 nəfər ailə üzvləri yaşayır, ev sökülərsə onların yaşayacaq başqa yaşayış evləri yoxdur. Əgər ev qeyriqanuni idisə niyə dövlət həmin evi onlara tikib verirdi?. Ona görə də həmin torpaq sahəsində qeyd edilən tikililər qanuni inşa edilmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşamışdır. Odur ki, tikilinin sökülməsi tələbinə dair iddianı qəbul etmir. Ona görə də iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatlarını, işdə olan sənədləri, ekspert rəyini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İsmayıllı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 28.03.2013-cü il tarixli 1871 saylı arxiv arayışından görünür ki, X5 1989-cu ildə Mican kənd “Oktyabr” kolxozunun protokolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 1989-cu il tarixli yaşayış evinin tikintisi barədə smetanın surətindən görünür ki, X6 İsmayıllı rayonu, Mican Kəndi ərazisində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta tərtib edilmişdir. İşdə olan 1991-ci il tarixli fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu, Mican kəndi ərazisində X3 adına fərdi yaşayış evinin tikintisi barədə texniki pasport tərtib edilmişdir. İşdə olan JN-546F KOD-40719018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə X9, X7, X10 və Cavabdeh Mican kəndi ərazisindən 0,19 ha torpaq sahəsi verilmişdir. İşdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 11.03.2022-ci il tarixli 10/231 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan,diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin həyətdən yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2.1 m, qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1.5 m təşkil edir. Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikulyar olaraq keçir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 və nömrəli əlavələr) tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X11 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yeraltı keçən hissəsi həyətyanı sahədən hansı dərinlikdə keçməsi sualı üzrə vəsatət təmin edilmədiyinə görə tədqiqat aparılmadı. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh atası mərhum X8 rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİKnın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X9, bacıları X7, X10 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə işin müəyyən olunmuş yuxarıdakı hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda sözügedən fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Göründüyü kimi qanunverici özbaşına tikintinin hüquqi əsasını müəyyən etmişdir. İş materiallarından da göründüyü kimi, sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 1989-cu ildə smeta ayrılmış və həmin smeta əsasında isə 1991-ci ildə fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Bu hal isə hazırkı fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;” Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem,plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Bu hala cavabdeh həmin fərdi yaşayış evində sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuş, yalnız 2021-ci ildə tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh atasının adına texniki pasport tərtib edilməklə inşa edilmiş fərdi yaşayış evi üzərində birinci növbəli vərəsə kimi qanuni gözləntiyə malik olmuşdur. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, həmin tikili qeyri-qanuni və özbaşına tikili kimi qiymətləndirilə bilməz, çünki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmə tərəfindən sökülə bilər. Məhkəmə hesab edir ki, həmin tikililər fərdi yaşayış evinin texniki pasportu tərtib edilməklə icazə əsasında inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ yaranmışdır. “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X13 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X13 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15.04.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09.06.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə görə siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək) torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müəssisənin iddiası əsassızdır, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi qanuni əsaslarla inşa edilmişdir. İddianın təmin edilməsinin hüquqi əsasları mövcud deyildir və ona görə də iddia rədd edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, əşyanın şəxsə mənsub olması, onun iqtisadi mənada mənimsənilməsi, hüquqi mənada isə ona mülkiyyət hüququnun əldə edilməsi ilə təzahür edir. Məhkəmə tərəflərin bərabərliyi və hərtərəflilik prinsipinin tələblərini rəhbər tutaraq hazırkı mübahisənin həll edilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etmək məqsədi ilə Avropa Məhkəməsinin presedentlərinə istinad etməyi də zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə,«mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmin qərarda Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi olmuş və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus olmuşdur. Qərarda qeyd edilmişdir ki, ərizəçinin evi onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir. Göründüyü kimi Avropa Məhkəməsi dövlət orqanlarının uzun müddət yol verdikləri marağı mülkiyyətə bərabər tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə istinad olunan hüquq normalarının və X13 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab edir ki, cavabdehə məxsus həmin tikililərin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehin istifadəsində olan həmin fərdi yaşayış evində yaşaması onun ailəsi ilə birlikdə uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən fərdi yaşayış evi 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki paspot verilmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırda sökülməsi tələb edilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd (texniki pasport) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evi (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti qanunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olaraq nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 102 (bir yüz iki) manat məhkəmə xərci iddiaçı müəssisədən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.Hazırkı tələb isə təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 102 manat məbləğində pul İddiaçındən tutulsun, Az.MEM,VÖEN **********,hesab nömrəsi AZ34CTRE********************,X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-27/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-27/2022
16.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver