Məhkəmə qərarları › İş №e-2(037)-29/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-29/2022

14.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-29/2022 14.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki işə 14 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yarımtikili inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa,yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X7 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 iddia tələbini müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsində fərdi yaşayış evi və tövlə binası inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən həmin ərazidən qaz xəttinin keçdiyindən məlumatı olmamışdır. D-129 mm-lik qaz kəməri ona məxsus torpaq sahəsinin ortasından keçir. Onun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililər qaz kəmərinin mühafizə zonasından kənarda yerləşir. Belə ki, mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi qaz kəmərindən 12 metr, tövlə binası isə 8 metr məsafədə yerləşir və qaz kəmərinə heç bir maneçiliyi yoxdur. O, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi və digər tikililər inşa etmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşayır. Odur ki, qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair iddianı qəbul etmir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri, ekspert rəyini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-592A KOD 40719018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 06 fevral 1999cu il tarixli 66 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən İsmayıllı rayon Mican kənd sakinləri Cavabdeh, X2, X5, X6 və X3 birgə mülkiyyətinə İsmayıllı rayonu, Mican kəndi ərazisindən 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 12442 nömrə ilə qeydə alınmış və bir nüsxəsi Cavabdeh verilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5031 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunanları və mülki iş materiallarında olan “Ağsu Rayon Qaz İstismar İdarəsi”nin İsmayıllı XS üzrə rəis müavini Q.Mehdiyev tərəfindən təsdiq edilmiş sxemə əsasən iş üzrə cavabdehə məxsus fərdi yaşayış evi ilə d-129 mm-lik qaz xətti arasındakı məsafənin 12 metr, həmin qaz xətti ilə tövlə tikilisi arasındakı məsafənin isə 8 metr təşkil etdiyi nəzərə alındıqda həmin tikililərin d-129 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizəsi zonasında yerləşmədiyi müəyyən olunur. Qeyd olunan qaz xəttinin iş üzrə cavabdeh şəxs Cavabdeh məxsus torpaq sahəsində hansı dərinlikdən keçməsinə dair mülki iş materiallarında hər hansı bir məlumat aşkar edilməmişdir. Mülki iş materiallarında olan “Ağsu Rayon Qaz İstismar İdarəsi”nin İsmayıllı XS üzrə rəis müavini Q.Mehdiyev tərəfindən təsdiq edilmiş sxemə əsasən iş üzrə cavabdehə məxsus fərdi yaşayış evi ilə d-129 mm-lik qaz xətti arasındakı məsafə 12 metr, həmin qaz xətti ilə tövlə tikilisi arasındakı məsafə isə 8 metr təşkil etdiyi göstərilmişdir.Mülki iş materiallarında olan CD disketə baxış zamanı qərardadın 1-ci sualında qeyd olunan hasar tikilisinin sökülmədiyi müşahidə olunmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Mican kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsində fərdi yaşayış evi və tövlə binası inşa etmiş və hazırkı vaxtadək həmin yaşayış evində yaşayır. Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəməri ilə həyətdə inşa edilmiş fərdi yaşayış evi arasında olan məsafənin 12 metr və tövlə binası ilə arasındakı məsafənin 8 metr təşkil etdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 nömrəli əlavələr) tələblərinə əsasən həmin yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, həyətyanı sahədə yerləşən tikili (talvar) ilə qaz kəmərinin arasında olan məsafənin 4-4,5 m təşkil etdiyini nəzə aldıqda göstərilən Qaydaların tələblərinə əsasən yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə işin müəyyən olunmuş yuxarıdakı hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1,9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X7 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilmiş yarımtikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5031 nömrəli ekspert rəyində cavabdehə məxsus fərdi yaşayış evi ilə d-129 mm-lik qaz xətti arasındakı məsafənin 12 metr, həmin qaz xətti ilə tövlə tikilisi arasındakı məsafənin isə 8 metr təşkil etdiyi nəzərə alındıqda həmin tikililərin d-129 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizəsi zonasında yerləşmədiyi qeyd olunmuşdur. İddiaçının sökülməsini tələb etdiyi yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi və həmin tikilinin yüksək təhlükə mənbəyi olması sübut olunmur. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 66 saylı qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən cavabdehə İsmayıllı rayonu, Mican kəndi ərazisindən 0.07 hektar həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evi və sözügedən yarımtikili inşa edilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş yarımtikilinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçı müəssisədən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı tələb isə təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçındən tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar