Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-342/2025 12.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin azaldılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********04100 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 7315,2 manat cərimə məbləğinin azaldılaraq qanuna uyğun şəkildə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri Mican kəndində yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********04100 olmaqla cavabdeh tərəfindən öncədən ödənişli smart sayğac quraşdırılmaqla qazla təmin olunmaqdadır. 28 yanvar 2023-cü il tarixində mənzilə quraşdırılmış qaz sayğacına qaz pulu yükləmək üçün ödəniş etmək imkanı olmadığından məcburi şəkildə qaz sayğacını açaraq rezin boru ilə cəmi 3 gün müddətində qazdan qeyriqanuni istifadə etmişdir. 31 yanvar 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz xətlərinə baxış keçirilən zaman mənzildə sayğacdan kənar qazdan istifadə halı aşkarlanmış və qeyri-qanuni qoşulma ləğv olunmuşdur. Nəticədə ona 35040 m3 itirilmiş qazın bərpası məqsədilə 4204,8 manat cərimə yazılmışdır. Bundan sonra, 25 yanvar 2024-cü il tarixdə eynilə, maddi çətinlik üzündən sayğaca qaz pulu yükləmək imkanı olmadığından və xüsusən də qış fəslinin daha sərt olması ilə əlaqədar məcburi şəkildə qaz sayğacını açaraq təkrarən qeyri qanuni qoşulma ilə qazdan istifadə etmişdir. 31 yanvar 2024-cü il tarixdə cavabdeh təşkilatın qeyri-qanuni qoşulmanı aşkarlayaraq ləğv etmişlər və ona 25920 m3 itirilmiş qazın bərpası məqsədilə növbəti dəfə 3110,4 manat cərimə yazılmışdır. Hər iki cərimə hesablanarkən 12 ay ərzində heç bir qanuna əsaslanmayan hesablama üsulu ilə 35040 m3 və 25920 m3 qaz hesablanaraq ümumilikdə 7315,2 manat cərimə tətbiq olunmuşdur. Hesab edir ki, bu hesablama metodu heç bir qanuna əsaslanmır və qərəzli şəkildə şişirdilmişdir. O və ailə üzvləri tərəfindən sаyğаcdan kənar şəkildə qazdan istifadə etməsi ödəniş sistemlərinin işləməməsi səbəbilə, həmçinin maddi vəziyyətinin aşağı olması, habelə, qış mövsümu olmasını da nəzərə alaraq havanın olduqca soyuq olması ilə bağlı olmuşdur. Cavabdeh təşkilatın əməkdaşlarının 10 günlük qeyri-qanuni qazdan istifadə halını qərəzli şəkildə şişirdərək bir il ərzində qazdan istifadə edirmiş kimi rəsmiləşdirərək akt tərtib etməsi və analoqu olmayan cərimə məbləği təyin etməsi qanunsuz hesab olunmalıdır. Tələbnamədə Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə tərtib olunmuşdur. İtirilmiş qazın bərpası üçün hesabata gəldikdə, G-4 markalı sayğacın maksimal sərfiyyatı saatda 4 m3-dir və hər kəsə məlumdur ki heç bir cihaz maksimim güclə gündə 12 saat və bir il müddətində dayanmadan işləmir. Qeyd olunanlara əsasən cavabdeh təşkilat tərəfindən **********04100 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış 7315,2 manat cərimə məbləğinin azaldılaraq qanuna uyğun şəkildə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 25 yanvar 2023-cü il tarixində "Azəriqaz” X1 RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları İsmayıllı rayonu Qalacıq kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə (sayğacı açaraq təbii qazdan qanunsuz istifadə edir - 2 ədəd fotoşəkil etiraza əlavə edilir) təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 25 yanvar 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək hesablanması məqsədi ilə Ağsu RQİİ-nə göndərilmişdir. İtirilmiş qazın dəyərinin 25 yanvar 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 31 yanvar 2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçının İsmayıllı XS-nin abonent bazasındakı **********04100 nömrəli abonent koduna 35040 m³ - 4204,8 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa 31 yanvar 2024-cü il tarixində Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları yenidən İsmayıllı rayonu Qalacıq kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə (yenə də sayğacı açaraq təbii qazdan qanunsuz istifadə edir) təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 31 yanvar 2024-cü il tarxli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Ağsu RQİİ-nə göndərilmişdir. 31 yanvar 2024-cü il tarxli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 02 fevral 2024-cü il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İsmayıllı XS-nin abonenti İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********04100 nömrəli abonent koduna 25920 m3 – 3110,4 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna ümumilikdə hesablanaraq vurulmuş 7315,2 manat sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İş materiallarına əlavə edilmiş - A3E seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1963-cü il tarixdə İsmayıllı rayonunun Qalacıq kəndində doğulmuş şəxs İddiaçıdır. - Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin mənzilində rezin boru vasitəsi ilə qeyri-qanuni qaz xəttin birləşmə aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İddiaçı aktı imzalamamışdır. - X2 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 2 ədəd qaz işlədicilərinin qaz sərfi orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün (4x24x365=35040 m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, təkrar baxış keçirilən zaman abonentin mənzilində quraşdırılan venner tipli smart sayğacını açaraq rezin borcu vasitəsilə birbaşa qoşaraq təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Sayğacın təlimata uyğun quraşdırılması və dəymiş ziyanın hesablanması tələb olumuşdur. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. - X2 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3 / saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (6x12x360=25920 m3) qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - Təqdim olunmuş fotoşəkil iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. - 28 yanvar 2025-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********04100 nömrəli abonent koduna 2023-cü ilin yanvar ayının sonuna qalıq və aktlar üzrə 4204,8 manat və 2024-cü ilin yanvar ayının sonuna qalıq və aktlar üzrə 3110,4 manat borc vurulmuşdur. İddiaçı tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 25 yanvar 2023-cü il və 31 yanvar 2024-cü il tarixlərdə ”Azəriqaz” X1 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri keçmiş Mican kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. İddiaçı tərtib olunmuş 25 yanvar 2023-cü il tarixli aktı imzalamamış, 31 yanvar 2024-cü il tarixli aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli tələbnaməyə əsasən 25 yanvar 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 35040 m3 – 4204,8 manat və 02 fevral 2024cü il tarixli tələbnaməyə əsasən 31 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 25920 m3 – 3110,4 manat sayğacdan kənar əlavə qaz xəttindən iki istifadə faktına görə iddiaçının abonent koduna cəmi 7315,2 manat vurulmuş, həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən **********04100 nömrəli abonent koduna işlənmiş cəmi 7315,2 manat cərimə məbləğinin qanuna uyğun qaydada azaldılaraq hesablanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan qaz xəttinə cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən iki dəfə istifadə faktına görə aktlar tərtib edilərək hesablamalar aparılsa da və bu hallar iddiaçı tərəfindən qismən etiraf olunsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 7315,2 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, iddiaçının təbii qazdan qanunsuz olaraq iki dəfə istifadə etdiyi müəyyən olunsa da Cavabdeh tərəfindən tərtib olunmuş tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 4 m3 və 6 m3, orta günlük iş rejimi 24 və 12 saat, hesabat müddətini 365 və 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. İddiaçının qanunsuz qaz xəttindən 7315,2 manat dəyərində təbii qazdan istifadə etməsinə dair Cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı tərtib olunmuş aktı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına göndərilməsinə dair sübut təqdim etməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Ona görə də iddiaçının əməli tərtib edilmiş sənədlərlə yanaşı, özünün də qismən etirafı ilə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı qismən təsdiq olunur və bu əməlin nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə Cavabdeh tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq **********04100 nömrəli abonent koduna vurulmuş 7315,2 manat cərimə məbləği – 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 4204,8 manat azaldılaraq 345,6 manat (4 x 24 x 30 = 2880 m3 x 12 = 345,6 manat) və 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 3110,4 manat azaldılaraq 259,2 manat (6 x 12 x 30 = 2116 m3 x 12 = 259,2 manat) cəmi 604,8 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 604,8 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə Cavabdeh tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq İddiaçı **********04100 nömrəli abonent koduna vurulmuş 7315,2 manat cərimə məbləği – 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 4204,8 manat azaldılaraq 345,6 manat (4 x 24 x 30 = 2880 m3 x 12 = 345,6 manat) və 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 3110,4 manat azaldılaraq 259,2 manat (6 x 12 x 30 = 2116 m3 x 12 = 259,2 manat) cəmi 604,8 manat müəyyən edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-342/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-342/2025
12.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver