Məhkəmə qərarları › İş №e-2(037)-386/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-386/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-386/2025 07.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1493 manat əsas borc və 35 manat dövlət rüsumu, cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 may 2021-ci il tarixli LLK5904856 saylı borc müqaviləsinə əsasən 18 ay müddətinə 837 manat məişət avadanlığı almışdır. Müqavilə üzrə ödəniş etdikdən sonra cavabdehin iddiaçıya 473 manat əsas borcu qalmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli LLK6104380 saylı borc müqaviləsinə əsasən 18 ay müddətinə 1276 manat məişət avadanlığı almışdır. Müqavilə üzrə ödəniş etdikdən sonra cavabdehin iddiaçıya 1020 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehdən borc müqavilələri üzrə cəmi 1493 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu – cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 10 fevral 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 19 may 2021-ci il tarixli LLK5904856 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 837 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 99 manat ilkin ödəniş etmiş, qalan 738 manat məbləğini 18 ay müddətinə aylıq 41 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 26 oktyabr 2021-ci il tarixli LLK6104380 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1276 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 196 manat ilkin ödəniş etmiş, qalan 1080 manat məbləğini 18 ay müddətinə aylıq 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19 may 2021-ci il tarixli LLK5904856 saylı və 26 oktyabr 2021-ci il tarixli LLK6104380 saylı borc müqavilələri üzrə 1493 manat əsas (qalıq) borcu vardır. - 04 fevral 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehdən üç iş günü müddətində cəmi 1493 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 04 fevral 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19 may 2021-ci il tarixli LLK5904856 nömrəli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 837 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 99 manat ilkin ödəniş etmiş, qalan 738 manat məbləğini 18 ay müddətinə aylıq 41 manat, 26 oktyabr 2021-ci il tarixli LLK6104380 nömrəli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1276 manat dəyərində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə 196 manat ilkin ödəniş etmiş, qalan 1080 manat məbləğini 18 ay müddətinə aylıq 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə borc məbləğlərinin tam şəkildə ödənilməsini təmin etməmişdir. Müqavilələrdə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdehə pretenziya məktubu göndərilməmişdir. İddiaçı cavabdehdən müqavilələr üzrə 1493 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu – cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19 may 2021-ci il tarixli LLK5904856 saylı borc müqaviləsi üzrə 1493 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu - cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat pul məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1493 manat əsas borc və 35 manat ödənilmiş dövlət rüsumu - cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat pul məbləğinin alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar