Məhkəmə qərarları › İş №e-2(037)-500/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-500/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-500/2025 11.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 3653 kodlu mətbəx mebeli üçün 1062,7 manat ödənilməmiş hissə, 531,35 manat cərimə, ümumilikdə 1594,05 manat borc və 35,95 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 yanvar 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 2608,48 manat (24 ay + 104,52 manat + 100 manat ilkin ödəniş) olan 3653 kodlu mətbəx mebeli almışdır. Cavabdeh aldığı malın dəyərindən 1545,78 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 10 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 yanvar 2023-cü il tarixli 03334262 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 100 manat ilkin ödəniş etdikdən sonra 24 ay müddətinə hər ay 104,52 manat olmaqla cəmi 2608,48 manat dəyərində 3653 kodlu mətbəx mebeli satılmışdır. - 12 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 17 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 15 yanvar 2023-cü il tarixli müqavilə üzrə 2608,48 manat borc məbləğindən 1545,78 manat ödəniş etmiş, 1062,7 manat ödənilməmiş hissə, 531,35 manat cərimə - cəmi 1594,05 manat borcu qalmışdır. - 19 fevral 2025-ci il tarixli 73175108 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 35,95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 15 yanvar 2023-cü il tarixli 03334262 nömrəli müqaviləyə əsasən cavabdehə 100 manat ilkin ödəniş etdikdən sonra 24 ay müddətinə hər ay 104,52 manat olmaqla cəmi 2608,48 manat dəyərində 3653 kodlu mətbəx mebeli satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 1545,78 manat ödəniş etmiş, 1062,7 manat borcu ödənilməmiş qalmış, həmin borca 531,35 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 1594,05 manat borcu yaranmışdır. İddiaçı cəmi 1594,05 manat borcu və ödənilmiş 35,95 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 1062,7 manat əsas borcun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 531,35 manat cərimə məbləği alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 531,35 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 107 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləğinin 1169,7 manat olduğu nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 35,95 manat dövlət rüsumunun 31,7 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 35,95 manat dövlət rüsumunun 4,25 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 3653 kodlu mətbəx mebeli üçün 1062,7 manat ödənilməmiş hissə, 107 manat cərimə və 31,7 manat dövlət rüsumu, cəmi 1201,4 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 3653 kodlu mətbəx mebeli üçün 1062,7 manat ödənilməmiş hissə, 107 manat cərimə və 31,7 manat dövlət rüsumu, cəmi 1201 (bir min iki yüz bir) manat 40 (qırx) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Ödənilmiş 35,95 manat dövlət rüsumunun 4,25 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar