Məhkəmə qərarları › İş №e-2(037)-617/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-617/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-617/2025 16.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 14 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********05345 olan Xıaomı Poco C65 markalı telefon, vinil mat, M paket xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 379,92 manat ödənilməmiş hissə, 37,99 manat cərimə, ümumilikdə 417,91 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 379,92 manat (12 ay + 31,66 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********05345 olan Xıaomı Poco C65 markalı telefon, vinil mat, M paket xidməti, qızıl zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh aldığı malın dəyərindən ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 17 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 14 oktyabr 2024-cü il tarixli 10759010 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 31,66 manat ödəməklə cəmi 379,97 manat dəyərində İmei kodu **********05345 olan Xıaomı Poco C65 markalı telefon, vinil mat, M paket xidməti, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. - 17 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 04 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 14 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 379,92 manat borc məbləğindən ödəniş etməmiş, 379,92 manat ödənilməmiş hissə, 37,99 manat cərimə - cəmi 417,91 manat borcu qalmışdır. - 05 aprel 2025-ci il tarixli 73618962 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli 10759010 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 31,66 manat ödəmək şərti ilə cəmi 379,97 manat dəyərində İmei kodu **********05345 olan Xıaomı Poco C65 markalı telefon, vinil mat, M paket xidməti, qızıl zəmanət ultra 2 il xidməti satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ödəniş etməmiş, 379,92 manat borcu ödənilməmiş qalmış, həmin borca 37,99 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 417,91 manat borcu yaranmışdır. İddiaçı cəmi 417,91 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********05345 olan Xıaomı Poco C65 markalı telefon, vinil mat, M paket xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 379,92 manat ödənilməmiş hissə, 37,99 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 447,91 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********05345 olan Xıaomı Poco C65 markalı telefon, vinil mat, M paket xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 379,92 manat ödənilməmiş hissə, 37,99 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 447 (dörd yüz qırx yeddi) manat 91 (doxsan bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar