Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-712/2025 22.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin azaldılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********00160 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin azaldılaraq qanuna uyğun şəkildə hesablanması və cərimənin silinməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayon Yuxarıbaş kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmin ünvanda abonent kodu **********00160 olmaqla mexaniki sayğac quraşdırılmaqla qazla təmin olunmaqdadır. Sosial vəziyyətinin olduqca aşağı olması, qaza ödəniş etmək imkanının olmaması ilə bağlı olaraq 2023-cü ilin avqust ayında rezin boru vasitəsilə qaz xəttinə qoşularaq qazdan istifadə etmişdir. Həmin dövr yay aylarına təsadüf etdiyi üçün yalnız mətbəxdə bir ədəd dörd gözlü qaz plitəsindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən keçirilən reyd zamanı həmin rezin birləşmə aşkarlanmış və kənar xətt ləğv olunmuşdur. Aşkarlanmış qeyri-qanuni xətt aktlaşdırılaraq əməkdaşlar tərəfindən ona 17280 m3 itirilmiş qazın bərpası məqsədilə əsassız olaraq 2073,6 manat cərimə yazılmışdır. Cərimə hesablanarkən 12 ay ərzində kor-təbii hesablama üsulu ilə 17280 m3 qaz hesablanaraq 2073,6 manat cərimə tətbiq olunmuşdur. Bu hesablama metodu heç bir qanuna əsaslanmır və qərəzli şəkildə şişirdilmişdir. Cavabdehin İsmayıllı xidmət sahəsinin qaz nəzarətçiləri tərəfindən ayın ilk günlərində sayğacın oxunması zamanı heç bir kənar qoşulma halı aşkarlanmamışdır. Kənar xəttə qoşularaq yalnız 15 gün müddətində qazdan istifadə etmişdir. Onun və ailə üzvlərinin tərəfindən sаyğаcdan kənar şəkildə qazdan istifadə etməsi ailəsinin sosial vəziyyətinin olduqca ağır olması ilə sırf zərurətdən irəli gəlməsilə bağlıdır. Cavabdeh təşkilatın əməkdaşlarının qeyri-qanuni qazdan istifadə halını qərəzli şəkildə şişirdərək yay aylarında istifadə etdiyi çox az miqadarda qazı bir il ərzində qazdan istifadə edirmiş kimi rəsmiləşdirərək akt tərtib etməsi və ağlasığmaz məbləğdə cərimə məbləği təyin etməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh təşkilatın əməkdaşları öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona real olmayan cərimə məbləği təyin etmişdir. Ona görə də Cavabdeh tərəfindən **********00160 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin azaldılaraq qanuna uyğun şəkildə hesablanmasını və cərimənin silinməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı olub və o əməlini etiraf edir. Lakin bu hal yay aylarına təsadüf etdiyindən qazdan qanunsuz bir neçə gün istifadə etmişdir. Heç yerdə işləmir, pensiya alır. Bir daha belə hallara yol verməyəcəkdir. Hazırda Cavabdeh tərəfindən **********00160 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik cərimə məbləğinin azaldılaraq qanuna uyğun şəkildə hesablanması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iştirak etdiyi hazırlıq iclasında iddia tələbinə qarşı sübutlarını yazılı şəkildə təqdim etdiyini göstərmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı İsmayıllı rayonu Yuxarıbaş kəndində yaşayan İddiaçı əsassız hesablanmış 2073,6 manat cərimə məbləğinin azaldılaraq yenidən hesablanmasını xahiş etmişdir. İddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 20 sentyabr 2023-cü il tarixində Cavabdeh İB-nin İSQNŞ-nin əməkdaşları İsmayıllı rayonu Yuxarıbaş kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 20 sentyabr 2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. 20 sentyabr 2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 26 sentyabr 2023-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İsmayıllı XS-nin abonenti X2 İsmayıllı XS-nin abonent bazasındakı 2**********00160 nömrəli abonent koduna 17280 m3 – 2073,6 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 2073,6 manat məbləği sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, İsmayıllı rayonu Yuxarıbaş kəndində yaşayan X2 əsassız hesablanmış 2073,6 manat cərimə məbləğinin azaldılaraq yenidən hesablanması tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin etiraz ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, sosial vəziyyətinin olduqca aşağı olması üzündən yalnız yay ayları ərzində qaz xəttinə qanunsuz qoşularaq qazdan istifadə etdiyini etiraf etmişdir. Lakin bu onun bir il ərzində qazdan qanunsuz istifadə etməsi kimi qəbul edilməməlidir. İş materiallarına əlavə edilmiş - Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonent küçə xəttinin dəmir hasarla təmas yerindən sayğacdan kənar xətt çəkərək daxili qaz xəttinə birləşdirmiş və təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. İddiaçı aktı imzalamamışdır. - Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 26 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi qərara alınmışdır. - 29 may 2025-ci il tarixli abonentin saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayının sonuna iddiaçının **********00160 nömrəli abonent koduna 17280 m3 təbii qazın dəyəri 2073,6 manat borc vurulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 20 sentyabr 2023-cü il tarixli iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 sentyabr 2023-cü il tarixli ******* nömrəli aktda abonentin mənzilinə baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt aşkar olunduğu qeyd edilmişdir. Aktı iddiaçının ailə üzvü imzalamışdır. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş, həmin şöbənin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin şöbənin rəisi tərəfindən təsdiq edilmiş 26 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 17280 m3 təbii qazdan istifadə olunduğu əsas gətirilərək xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən **********00160 nömrəli abonent koduna əsassız olaraq borc kimi yazılmış olan 2073,6 manat cərimə məbləğinin azaldılaraq qanuna uyğun şəkildə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, iddiaçının qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 17280 m3 miqdarında, yəni 2073,6 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, iddiaçının 2023-cü ilin avqust ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da Azəriqaz İB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2073,6 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı tərtib olunmuş aktı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına göndərilməsinə dair sübut təqdim etməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Ona görə də iddiaçının əməli tərtib edilmiş sənədlərlə yanaşı, onun fərdi yaşayış evində yay ayı deyil, məhz yay ayları ərzində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı özünün də etirafı ilə qismən təsdiq olunur və bu əməlin nəticəsində dəymiş ziyan müəyyən edilərkən iddiaçının təbii qazdan bir neçə yay ayı ərzində istifadə etməsi müddəti nəzərə alınmaqla sayğacdan kənar qanunsuz qoşulma 3 ay əsas götürülməsini və dəymiş ziyanın 3 ay müddətinə hesablanmasını məhkəmə ağlabatan və ədalətli hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib olunmuş 26 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının abonent koduna vurulmuş 2073,6 manat cərimə məbləği azaldılaraq 518,4 manat müəyyən edilməlidir. (4 x 12 x 90 = 4320 m3 x 12 = 518,4 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 518,4 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00160 nömrəli abonent koduna vurulmuş 2073,6 manat cərimə məbləği azaldılaraq 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik müəyyən edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-712/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-712/2025
22.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver