Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-726/2022 01.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 01 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla,cəmi 2040 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayın cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh müqavilə üzrə olan 6000 manat öhdəlikdən 4000 manat ödəniş etmiş,2000 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə 2000 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə olan borcunu vaxtında qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 manat məbləğinin cavabdehdən tutulmasını tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır. İddiaçı ASC ilə aralarında bağlanmış 16 may 2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR- 2045 markalı taxılyığan kombayın iki ay müddətinə istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixli akt əsasında 2014-cü il buraxılışlı, 1 ədəd SR-2045 markalı taxılyığan kombayın "xxxx" ASC tərəfindən ona təhvil verilmişdir. Qeyd edilən texnikadan müqavilə müddəti ərzində istifadə etməklə 6000 manat müqavilə məbləğindən 4000 manat ödəniş etmiş və 2000 manat qalıq borcu qalmışdır. İddiaçı ASC tərəfindən istifadəsində olan texnikaya GPRS avadanlığı quraşdırılmışdır. Qeyd edilən texnikaya GPRS avadanlığı quraşdırıldığından təyin olunmuş ərazidən kənara çıxa bilməmişdir. İddiaçı ASC tərəfindən təyin olunmuş ərazidə işləyərək müqaviklə üzrə borcunun bir hissəsini ödəsə də, sonradan həmin ərazidə iş olmadığından müqavilə üzrə öhdəliyini tam icra edə bilməmişdir. İddiaçı ASC tərəfindən ona təyin olunmuş ərazidən kənarda işləməsinə şərait yaradılmadığından istifadəsində olan texnikadan lazımı qaydada istifadə etməsi mümkün olmamış və nəticədə 2000 manat qalıq borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək,belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, lizinq verən "xxxx" ASC xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsi üzrə müqavilə məbləği 6000 manat olan 1 ədəd SR-2045 markalı taxılyığan kombayın 2 ay istifadə müddəti ilə lizinq alan Cavabdeh istifadəyə verməyi, lizinq alan Cavabdeh isə müqavilə müddəti ərzində qeyd edilən texnikadan istifadə etməklə müqavilə üzrə olan 6000 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AKT1-in sürətindən görünür ki, xx.xx.2019-cu il tarixdə 2014-cü il buraxılışlı, 1 ədəd SR-2045 markalı taxılyığan kombayın saz vəziyyətdə "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmiş və tərtib olunmuş aktın doğruluğu "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imza olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli 07/00023919 nömrəli müqavilə üzrə 6000 manat müqavilə məbləğindən 4000 manat ödəniş etdikdən sonra xx.xx.2022-ci il tarixə 2000 manat qalıq borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun sürətindən görünür ki, müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayın 2 ay istifadə müddəti ilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh müqavilə üzrə olan 6000 manat öhdəlikdən 4000 manat ödəniş etmiş, 2000 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə 2000 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 40 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 (iki min qırx) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 (iki min qırx) manat məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-726/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-726/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver