Məhkəmə qərarları › İş №e-2(037)-751/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-751/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-751/2022 10.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 10 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 666 manat əsas borc, 277,32 manat cərimə olmaqla, cəmi 943,32 manat borc və 30 manat dövlət rüsumu məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin teleqramı əsasında İsmayıllı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli e-2(037)-751 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli İSMK01399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə aylıq 110 manat 15 ay müddətində ödənilməklə dəyəri 869 manat olan bir ədəd paltaryuyan BOSCH, dəyəri 399 manat olan bir ədəd duxovka, dəyəri 189 manat olan bir ədəd qaz üstü, dəyəri 199 manat olan bir ədəd ütü olmaqla, ümumilikdə 1656 manat məbləğində məişət avadanlıqları nisyə satılmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 666 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, cavabdeh hər gecikdirilmiş borc məbləğinin 0,3%-İ həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1386,61 manat təşkil etmiş, güzəşt tətbiq edilərək 277,32 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 666 manat əsas borc, 277,32 manat cərimə olmaqla, cəmi 943,32 manat borc və 30 manat dövlət rüsumu məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək İddiaçı MMC-dən məişət avadanlıqları aldığını, əşyaların çoxunun xarab olduğunu, malları dəyişdirmək və ya qaytarmaq üçün dəfələrlə İddiaçı MMC-yə müraciət etdiyini, ütüyə görə əlavə 40 manat da ödədiyini, ona görə də iddia tələbinin rədd edilməsini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 15 avqust 2019-cu il tarixli İSMK01399 saylı nisyə alqı-satqı müqaviləsi və təhviltəslim aktından görünür ki, İddiaçı tərəfindən cavabdehə dəyəri 869 manat olan bir ədəd paltaryuyan BOSCH, dəyəri 399 manat olan bir ədəd duxovka, dəyəri 189 manat olan bir ədəd qaz üstü, dəyəri 199 manat olan bir ədəd ütü olmaqla, ümumilikdə 1656 manat məbləğində məişət avadanlıqları nisyə satılmışdır. 15 avqust 2019-cu il tarixli İSMK01399 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə olan 1 saylı əlavədən görünür ki, cavabdeh hər ay 110 manat olmaqla 15 ay müddətinə ümumilikdə 1656 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 15 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə borc məbləğinin üç gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 10 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 15 avqust 2019-cu il tarixli İSMK01399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 666 manat əsas borc, 277,32 manat cərimə olmaqla, cəmi 943,32 manat məbləğində borcu qalmışdır. 10 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 avqust 2019-cu il tarixli İSMK01399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən aylıq 110 manat olmaqla 15 ay müddətində ödənilməklə dəyəri 869 manat olan bir ədəd paltaryuyan BOSCH, dəyəri 399 manat olan bir ədəd duxovka, dəyəri 189 manat olan bir ədəd qaz üstü, dəyəri 199 manat olan bir ədəd ütü olmaqla, ümumilikdə 1656 manat məbləğində məişət avadanlıqları nisyə satılmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı cavabdehdən 666 manat əsas borc, 277,32 manat cərimə olmaqla, cəmi 943,32 manat borc və 30 manat dövlət rüsumu məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ərizə göndərərək iddiaçıdan məişət avadanlıqlarını aldığını, əşyaların çoxunun xarab olduğunu, malları dəyişdirmək və ya qaytarmaq üçün dəfələrlə iddiaçıya müraciət etdiyini bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 666 manat məbləğində əsas borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 15 avqust 2019-cu il tarixli İSMK01399 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 666 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 277,32 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 66 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 666 manat əsas borc, 66 manat cərimə və 30 manat dövlət rüsumu məbləği – cəmi 762 (yeddi yüz altmış iki) manat məbləğ tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar