Məhkəmə qərarları › İş №e-2(037)-867/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-867/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-867/2022 06.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,. onunla cavabdeh X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001902/2021 saylı alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-001902/2021 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 390,68 manat əsas borc, 31,42 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 452,10 manat məbləğin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X1 arasında xx.xx.2021-ci il tarixli 001902/2021 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən Rüstəm Rüstəmov 408 manat dəyərində Alcatel almış, hər ay 17 manat ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli Z-001902/2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Rüstəm Rüstəmovla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Rüstəm Rüstəmov tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq cavabdehlər tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, 390,68 manat əsas borc və 31,42 manat cərimə yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001902/2021 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Rüstəm Rüstəmov 408 manat dəyərində Alcatel almış, hər ay 17 manat ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-001902/2021 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Rüstəm Rüstəmovla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq cavabdehlər tərəfindən pozulmuş öhdəlik bərpa edilməmişdir. İddiaçı cavabdehlərin müştərək qaydada 390,68 manat əsas borc və 31,42 manat cərimədən ibarət borcunun yarandığını bildirir və həmin məbləğin cavabdehlərdən müştərək qaydada ödənilməsini tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, o cümlədən iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001902/2021 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-001902/2021 saylı zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər X1 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli 001902/2021 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 390,68 manat əsas borc, 31,42 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 452,10 manat məbləğ müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001902/2021 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-001902/2021 saylı zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada 390,68 manat əsas borc, 31,42 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 452 (dörd yüz əlli iki) manat 10 (on) qəpik məbləğ İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar