Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-873/2024 26.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21 mart 2023-cü il tarixli müqaviləyə əsasən DELL kompüter üçün 712,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə, ümumilikdə 784 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və məhkəmə sənədi mümkün olduğu təqdirdə ünvan sahibinə çatdırılması üçün nümayəndəlikdə saxlanılmışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 21 mart 2023-cü il tarixli müqaviləyə əsasən, DELL kompüter almış və nəticədə 784 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1033,16 manat (yəni 24 ay x 39.74 manat + 79.4 manat ilkin ödəniş) olan DELL kompüter üçün ümumilikdə 784 manat olmaqla ondan, 712,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71,96 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 321,12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış 21 mart 2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərilən 13 may 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə 712,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 814 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 21 iyun 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 21 mart 2023-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 1033,16 manat dəyərində DELL kompüter satılmışdır. - 13 may 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 21 mart 2023-cü il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərininin məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 31 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə 1033,16 manat borc məbləğindən 321,12 manat ödəniş etmiş, 712,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə - cəmi 784 manat borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 06 iyun 2024-cü il tarixdə 30,40 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 21 mart 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 1033,16 manat dəyərində DELL kompüter satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 321,12 manat ödəniş etmişdir. Cavabdehin 21 mart 2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 712,04 manat borcu ödənilməmiş qalmış, həmin borca 71,96 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cəmi 784 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə 712,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 814 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21 mart 2023-cü il tarixli müqavilə üzrə 712,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 814 (səkkiz yüz on dörd) manat borc məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-873/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-873/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver